Bakı.Trend:
2026-cı ildə dünya üzrə neftə tələbat günə 2,5 milyon barel azalacaq və bu azalmanın 80 faizi Yaxın Şərq və Asiyanın payına düşəcək.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) saytında dərc olunan məlumatda deyilir.
Qeyd olunur ki, son altı ay ərzində dünya üzrə neftə tələbat orta hesabla fevral ayındakı səviyyədən günə 5,8 milyon barel aşağı olub ki, bu da tələbatın ümumilikdə 1 milyard bareldən çox azalmasına uyğundur.
"Ən böyük azalma Çində qeydə alınıb. Burada neft idxalı, neft emalı müəssisələrinin yüklənməsi və neft məhsullarının tədarükü müharibə başlamazdan əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Son altı ay ərzində Çində faktiki neft tələbatı fevral ayındakı səviyyədən sutkada 1,7 milyon barel, ötən ilin eyni altı aylıq dövrünün göstəricisindən isə günə 1,1 milyon barel aşağı olub. Çinin dəniz yolu ilə xam neft idxalı fevralda günə 11,5 milyon bareldən iyunda minimum 6 milyon barelə qədər kəskin azalıb və bu, Asiyanın digər neft idxalçılarına təzyiqi əhəmiyyətli dərəcədə azaldıb.
Son istehlakçıların tələbatının azalması digər bazarlarda da kəskinləşir. Yaxın Şərqdə neft-kimya müəssisələrinin fəaliyyəti və aviaşirkətlərin daşımaları məhdudlaşdırıldığı üçün əhəmiyyətli azalma müşahidə olunub. Bəzi hökumətlər, xüsusilə Asiya ölkələrində, yanacaq istehlakına məhdudiyyətlər və ona qənaət edilməsi ilə bağlı fövqəladə tədbirlər tətbiq edib. Digər ölkələrdə isə neft məhsullarının qıtlığı və qiymətlərin artması istehlakın azalmasına səbəb olub", - deyə agentlik bildirir.
Qeyd olunur ki, 2026-cı ilin ikinci rübündə dünya üzrə neftə tələbat illik ifadədə günə 5,3 milyon barel azalıb. Bu, COVID-19 pandemiyasından bəri ilk rüblük azalma olub.
"Azalmanın əsas amili qazoyl olub. Ona tələbat illik ifadədə sutkada 1,2 milyon barel azalıb. Bununla yanaşı, nafta, mayeləşdirilmiş neft qazı və etanın tədarükü ümumilikdə sutkada 1,8 milyon barel azalıb", - məlumatda deyilir.
