Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp sentyabrın 18-də Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi ilə əlaqədar sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanunu imzalayıb.
Bu barədə ABŞ KİV-i yazır.
Qanun layihəsi mərhum respublikaçı senator Lindsi Qrem tərəfindən hazırlanıb və irəli sürülüb. Sənəd ABŞ prezidentinə Rusiyanın neft və qazının ən iri beş alıcısına, həmçinin Rusiyaya enerji sanksiyalarından yayınmağa kömək edən beş ölkəyə qarşı 100 faizə qədər gömrük rüsumu tətbiq etmək imkanı verir.
Qanunda Rusiyadan istehlak etdiyi təbii qazın 15 faizindən azını alan və bu idxalı azaltmaq istiqamətində addımlar atan ölkələr üçün istisnalar nəzərdə tutulur.
Sənəd, həmçinin Rusiyanın rəsmilərinə, banklarına, iş adamlarına və "kölgə donanması"na qarşı sanksiyaları ehtiva edir. Bundan əlavə, İrana qarşı ABŞ sanksiyalarının müddəti 2031-ci ilədək uzadılır.
Ukrayna Prezidenti Volodimir Zelenski qanunun imzalanmasına görə, Trampa təşəkkür edib. O, Rusiyaya müharibəni dayandırmaq məqsədilə təzyiqin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Qanun layihəsi Qrem və demokrat senator Riçard Blumental tərəfindən 2025-ci ilin aprelində təqdim edilmişdi. İlkin variantda Rusiyadan idxal olunan məhsullara 500 faizə qədər gömrük rüsumunun tətbiqi nəzərdə tutulurdu. Daha sonra Rusiyanın neftini alan ölkələrə münasibətdə rüsumun yuxarı həddi 100 faizə endirilib.
