Bakı. Trend:
ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbçilərindən ibarət ər-arvad narkotik maddələri “USS Abraham Lincoln” aviadaşıyıcısının göyərtəsində yaydıqları üçün saxlanılıb. Nəticədə hərbçilərdən biri narkotik maddənin həddindən artıq dozasından ölüb.
Bu barədə "The New York Post" (NYP) qəzeti məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Beyli Şramovski və onun həyat yoldaşı Conni Pumaihealani saxlanıldıqdan sonra 2022-ci ildən etibarən ekipaj üzvlərinə kokain, fentanil və oksikodon satdıqlarını etiraf ediblər. Məhkəmənin qərarına əsasən, Şramovski 2023-cü ilin yanvarında hərbçilərdən birinin fentanilin həddindən artıq dozasından ölümündə ittiham olunur. O, bu hadisədən sonra da həmin mənbədən əldə etdiyi narkotik maddələrin satışını davam etdirib.
Hər iki təqsirləndirilən şəxs barəsində hökmün çıxarılması dekabrın 11-nə planlaşdırılıb. NYP-nin məlumatına görə, Şramovskini 40 ilədək, Pumaihealani isə 20 ilədək həbs cəzası gözləyir.