Bakı.Trend:
Litva hərbi təhlükə və ya ciddi böhran vəziyyətində Vilnüs sakinlərinin təxliyəsi planını hazırlayıb. Marşrutlardan biri Polşa istiqamətində təxliyəni nəzərdə tutur.
Bu barədə “Polşa radiosu” məlumat yayıb.
Plana əsasən, paytaxt sakinləri üçün üç əsas təxliyə istiqaməti müəyyən edilib. Marşrutlardan biri Polşa sərhədinə, digər ikisi isə şimala – Panevejis və Şyaulyay istiqamətinə, həmçinin qərbə – Kaunas və Klaypeda istiqamətinə aparır.
Polşanın Podlaskie əyalətinin hakimiyyət orqanları da regionun Baltikyanı ölkələrin sakinləri üçün mümkün tranzit dəhlizi kimi istifadəsinə hazırlaşır.
Qeyd olunur ki, konkret istiqamət və təxliyə qaydası təhlükənin baş verdiyi yer və onun miqyasından asılı olacaq. Avtomobili olan sakinlər əvvəlcədən müəyyən edilmiş marşrutlarla hərəkət etməli olacaqlar. Müstəqil şəkildə təxliyə oluna bilməyəcək vətəndaşlar üçün isə bələdiyyə orqanları tərəfindən nəqliyyat təşkil ediləcək.
Atəşə tutulma təhlükəsi birbaşa yarandığı halda şəhərdən təxliyə həyata keçirilməyəcək. Belə vəziyyətdə sakinlərə sığınacaqlarda gizlənmək tövsiyə olunur.
