"PAŞA Bank"ın “yaşıl kredit" portfeli 37 milyon manata yaxınlaşıb

İqtisadiyyat Xəbər 18 Sentyabr 2026 15:29 (UTC +04:00)
"PAŞA Bank"ın “yaşıl kredit" portfeli 37 milyon manata yaxınlaşıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"PAŞA Bank"ın “yaşıl kredit" portfeli 36,8 mln. manat təşkil edir.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu “PAŞA Bank”ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev bankın 2026-cı ilin ilk 6 ayı üzrə fəaliyyətinin nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.

B.Nağıyev bildirib ki, bankın “yaşıl” maliyyələşdirmə istiqamətində əsas diqqət yetirdiyi sahələrdən biri bərpa olunan enerji layihələridir.

“Ölkə olaraq öhdəliyimiz var ki, 2035-ci ilə enerji istehsalında 30 faizlik pay bərpa olunan enerji mənbələrinin hesabına təmin olunsun. Bu istiqamətdə addımlar atılmalıdır. Biz də təbii ki, maliyyələşdirmə baxımından bu istiqamətdə fəaliyyət göstəririk”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, "PAŞA Bank"ın “yaşıl” kredit portfeli 36,8 mln. manat təşkil edir. Bu vəsaitlər yaşıl nəqliyyat, dairəvi iqtisadiyyat və tullantıların idarə olunması, su resurslarının dayanıqlı idarə edilməsi, dayanıqlı kənd təsərrüfatı və bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsinə yönəldilib.

Bank rəsmisi “Şəms 1” layihəsinin bu istiqamətdə mühüm nümunələrdən biri olduğunu vurğulayıb.

“Yəqin ki, diqqətinizə çatdırmalı olduğum əsas kreditlərdən biri Naxçıvanda "Şəms 1" adlı günəş enerjisi layihəsidir. Bu, 25 meqavatlıq layihədir. Biz orada əsas maliyyə tərəfdaşı və yeganə maliyyə tərəfdaşı kimi iştirak etmişik. Təxminən 8,5 mln. manat məbləğində maliyyələşmə həyata keçirmişik”, - B.Nağıyev bildirib.

O qeyd edib ki, layihənin əhəmiyyəti yalnız maliyyə göstəriciləri ilə məhdudlaşmır və ətraf mühitə müsbət təsiri də nəzərə alınmalıdır.

“Burada bizi maliyyələşmə hissəsi maraqlandırır, amma bunun ətraf mühitə müsbət töhfəsi, məncə, daha böyükdür. Belə layihələrin həyata keçirilməsi bərpa olunan enerjinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə sədr müavini vurğulayıb.

B.Nağıyev bildirib ki, Naxçıvanın enerji təminatında bərpa olunan enerji layihələrinin xüsusi əhəmiyyəti var.

“Naxçıvanın üçüncü tərəfdən enerji asılılığı var və bu, strateji sahədir. Orada bərpa olunan enerjinin təmin olunması və bu istiqamətdə layihələrin həyata keçirilməsi xüsusi önəm daşıyır. Bu səbəbdən biz həmin layihədə iştirak etmiş və maliyyələşməni təmin etmişik”, - deyə o əlavə edib.

Qeyd edək ki, "PAŞA Bank"ın 2026-cı ilin ilk yarısında cəmi aktivləri 9,98 mlrd. manat, kredit portfeli 4,08 mlrd. manat, depozit portfeli 7,75 mlrd. manat, kapitalı isə 1,01 mlrd. manat təşkil edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti