İsmayıllı rayon prokurorluğunda “Açıq Qapı” günü keçirilib (FOTO)

Cəmiyyət Xəbər 18 Sentyabr 2026 12:32 (UTC +04:00)
İsmayıllı rayon prokurorluğunda “Açıq Qapı” günü keçirilib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 18-də İsmayıllı rayon prokurorluğunda media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ictimai fəalların iştirakı ilə “Açıq Qapı” günü keçirilib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, tədbir çərçivəsində iştirakçılara prokurorluq orqanlarının istifadəsində olan müasir kriminalistik avadanlıqlar nümayiş etdirilib, onların istintaq və araşdırma prosesində tətbiqi barədə əyani məlumat verilib. Eyni zamanda, “Elektron prokurorluq” informasiya sisteminin imkanları təqdim olunub.

Tədbirin əsas məqsədinin prokurorluğun fəaliyyəti barədə ictimaiyyətin məlumatlılığının artırılması, vətəndaşlarla birbaşa ünsiyyət imkanlarının genişləndirilməsi, hüquqi maarifləndirmənin təşviqi, eləcə də prokurorluq orqanlarının fəaliyyətində açıqlıq və şəffaflıq prinsiplərinin nümayiş etdirilməsi olduğu bildirilib.

Görüşdə çıxış edən İsmayıllı rayon prokuroru Tural Yusifov “Açıq Qapı” günlərinin ictimaiyyətin prokurorluğun fəaliyyəti barədə məlumatlandırılması, hüquqi biliklərin artırılması və vətəndaşlarla qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Rayon prokuroru prokurorluğun fəaliyyətinin əsas istiqamətləri, vətəndaş müraciətlərinə baxılması, həmçinin onların hüquq və qanuni mənafelərinin müdafiəsi sahəsində görülən işlər barədə məlumat verib.

Tədbirdə Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov da çıxış edib. O, respublika üzrə prokurorluq orqanlarının fəaliyyəti, həyata keçirilən institusional islahatlar və müasir idarəetmə yanaşmaları barədə danışıb.

Kənan Zeynalov prokurorluq orqanlarının ictimaiyyətlə əlaqələrinin genişləndirilməsi, media ilə əməkdaşlığın inkişaf etdirilməsi, cəmiyyətin operativ və obyektiv məlumatlandırılması istiqamətində görülən işləri diqqətə çatdırıb. O, müasir informasiya mühitində media və ictimaiyyətlə effektiv kommunikasiyanın əhəmiyyətindən də bəhs edib.

Görüş zamanı İsmayıllı rayon prokurorluğunun əməkdaşları ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə təqdimatlar keçiriblər. İştirakçıların hüquqi prosedurlar, müraciətlərə baxılması və prokurorluğun gündəlik fəaliyyəti ilə bağlı sualları cavablandırılıb.

Daha sonra media və ictimaiyyət nümayəndələri İsmayıllı rayon prokurorluğunun inzibati binası və əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə tanış olublar.

Tədbir xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti