Deputatlar “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi ilə bağlı təkliflərini səsləndiriblər (FOTO)

Cəmiyyət Xəbər 18 Sentyabr 2026 13:09 (UTC +04:00)
Deputatlar “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi ilə bağlı təkliflərini səsləndiriblər (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin Aqrar siyasət komitəsinin sentyabrın 18-də keçirilən iclasında “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, komitə üzvləri iclasda yeni qanun layihəsi haqqında fikirlərini bildiriblər, müxtəlif suallar və təkliflər səsləndiriblər.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, məhsul şəhadətnaməsi fermerlərin maliyyə resurslarına çıxışının genişləndirilməsinə imkan verəcək. Onun sözlərinə görə, fermerə maliyyə vəsaiti məhsul istehsalından əvvəl, əkin işlərinin aparılması, gübrə və digər zəruri resursların alınması üçün lazımdır. Məhsul şəhadətnaməsinin tətbiqi bu baxımdan maliyyə vəsaitinin daha operativ əldə edilməsinə şərait yarada bilər.

Tahir Rzayev qeyd edib ki, məhsul şəhadətnaməsi üzrə fermerin məhsulu öhdəliyə uyğun təhvil verə bilmədiyi hallarda da qanun layihəsində alternativ mexanizmlər nəzərdə tutulur. Belə ki, öhdəliyin başqa ərzaq, əmtəə və ya pul vəsaiti ilə əvəzləşdirilməsi, təbii fəlakət baş verdikdə isə sığorta mexanizmindən istifadə edilməsi mümkün olacaq. O, məhsul şəhadətnaməsinin tətbiqini fermerlərin maliyyələşdirilməsi baxımından effektiv mexanizm kimi qiymətləndirib.

Deputat Vüqar İskəndərov bildirib ki, məhsul şəhadətnaməsinin əsas üstünlüklərindən biri fermerlərin maliyyəyə daha sürətli çıxışını təmin etməsidir. Onun sözlərinə görə, fermer gələcək məhsulunu əsas götürərək əkinə başlamazdan əvvəl maliyyə vəsaiti və zəruri resursları əldə edə biləcək.

Vüqar İskəndərov kiçik və orta fermerlərin hüquqlarının qorunması üçün mexanizmin şəffaf qurulmasını təklif edib. O qeyd edib ki, fermer əvvəlcədən nə qədər maliyyə alacağını, hansı öhdəliyi üzərinə götürəcəyini və yekunda nə qədər vəsait ödəməli olacağını dəqiq bilməlidir. Deputat həmçinin ilkin mərhələdə məhsul şəhadətnaməsi əsasında maliyyələşmədən istifadə edən kiçik fermerlərin faiz və xidmət xərclərinin bir hissəsinin subsidiyalaşdırılmasını təklif edib.

Deputat sadə sənədləşmənin də vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, fermerin vaxtı inzibati prosedurlara deyil, birbaşa istehsala sərf olunmalıdır və məhsul şəhadətnaməsinin əldə edilməsi ilə bağlı bürokratik maneələr minimuma endirilməlidir.

Komitənin üzvü, deputat Cavanşir Paşazadə məhsul şəhadətnaməsinin Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracında da əhəmiyyətli rol oynaya biləcəyini bildirib. Onun sözlərinə görə, məhsulun keyfiyyətinin və mənşəyinin müəyyənləşdirilməsi, başqa sözlə, məhsulun “pasportlaşdırılması” xarici bazarlara çıxış baxımından vacibdir.

Cavanşir Paşazadə fermerlərin sənədləşmə yükünün artırılmamasının vacibliyini vurğulayıb. O bildirib ki, xüsusilə kiçik fermerlərin bank prosedurları, subsidiya mexanizmləri, gübrə və digər kənd təsərrüfatı vasitələrinin əldə edilməsi ilə bağlı məsələlərdə çətinliklərlə üzləşməməsi üçün daha əlçatan mexanizmlər yaradılmalıdır. Deputat gübrə və dərman vasitələrinin keyfiyyətinə nəzarətin də mühüm olduğunu qeyd edib.

Deputat Novruzəli Aslanov məhsul şəhadətnaməsinin qiymətli kağız kimi tətbiqi ilə bağlı bir sıra sualların olduğunu bildirib. O, şəhadətnamənin başqa şəxsə verilməsi, qiymətli kağız kimi dövriyyəsi, kredit və digər maliyyə münasibətlərində istifadəsi zamanı yarana biləcək risklərin dəqiq müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.

Novruzəli Aslanovun sözlərinə görə, qanun layihəsinin əsas üstünlüklərindən biri fermerlərin maliyyə əlçatanlığının artırılması və mövcud prosedurların sadələşdirilməsidir. O, layihə ilə bağlı çoxsaylı sualların yarana biləcəyini nəzərə alaraq qanun layihəsinin ictimaiyyətə daha geniş izah edilməsini və televiziya, media və digər platformalar vasitəsilə müzakirələrin təşkil olunmasını təklif edib.

Deputat Malik Həsənov bildirib ki, qanunvericilikdə nəzərdə tutulan yeniliklər aqrar sahənin inkişafında əhəmiyyətli rol oynaya bilər. O, Vətən müharibəsində əldə olunan qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə aqrar sektorun inkişafı üçün geniş imkanların yarandığını qeyd edib.

Malik Həsənovun sözlərinə görə, həmin ərazilərdə əkin və örüş sahələrinin geniş olması, həmçinin su ehtiyatlarının mövcudluğu kənd təsərrüfatının inkişafı üçün əlverişli şərait yaradır. Deputat süni intellekt və rəqəmsallaşmanın aqrar sahədə tətbiqinin də yeni imkanlar yaratdığını vurğulayıb.

O bildirib ki, əkin torpaqlarının keyfiyyətinin yaxşılaşdırılması, toxumçuluğun inkişaf etdirilməsi, yeni dözümlü və quraqlığa davamlı toxum sortlarının yaradılması əsas prioritetlər sırasında olmalıdır.

Deputatlar layihədə səsləndirilən təkliflərə müsbət yanaşdıqlarını və qanun layihəsinin Milli Məclisin plenar iclasına tövsiyə edilməsini dəstəklədiklərini bildiriblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti