Mədəniyyət naziri tarixi-dini abidələrin qorunması ilə bağlı çağırış edib

Cəmiyyət Xəbər 17 Sentyabr 2026 10:59 (UTC +04:00)
Mədəniyyət naziri tarixi-dini abidələrin qorunması ilə bağlı çağırış edib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Mədəni irsin, o cümlədən tarixi-dini abidələrin qorunması prosesində əhali, dini icmalar və vətəndaş cəmiyyəti institutları daha fəal iştirak etməlidir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı səsləndirib.

Nazir tarixi-dini abidələrin qorunmasına yalnız dövlət qurumlarının işi kimi yanaşılmamalı olduğunu vurğulayıb.

“Mədəni irsin qorunması tək dövlət qurumunun işi deyil. Dövlət bunu hər zaman öz qurumları ilə, öz mexanizmləri ilə həyata keçirir. Amma bütün əhali, bütün vətəndaşlar, vətəndaş cəmiyyəti institutları bu prosesdə çox fəal iştirak etməli, həssas yanaşmalıdır. Çünki mədəni irsimiz bizim milli kimliyimizin, tarixi şüurumuzun, tarixi yaddaşımızın göstəricisidir, ifadəsidir. Onu qorumaq hər birimizin öhdəliyidir, konstitusion öhdəliyimizdir”, - A.Kərimli deyib.

O, xüsusilə yerlərdə əhalinin və dini icma nümayəndələrinin tarixi-mədəni irsin qorunması prosesinə daha sıx və fəal cəlb edilməsinin vacibliyini qeyd edib.

Nazir bildirib ki, tarixi-dini ibadət məkanları bir tərəfdən zəngin Azərbaycan memarlığının nümunələri, digər tərəfdən isə ölkədə dərin köklərə malik tolerantlıq mühitinin və milli-mənəvi dəyərlərin yaşadılması üçün vacib məkanlardır.

A.Kərimli vurğulayıb ki, bu iki istiqaməti bir-birindən ayırmaq olmaz və dini ibadət məkanlarının funksiyalarının təmin edilməsi ilə yanaşı, onların memarlıq dəyərinin və orijinallığının qorunması da mühüm əhəmiyyət daşıyır.

Nazir bildirib ki, silahlı münaqişələr və silahlı münaqişələrdən sonra yaranan mürəkkəb vəziyyətlər tarixi-mədəni irsin qorunmasında ciddi çağırışlar və çətinliklər yaradır.

“30 illik erməni işğalı dövründə Azərbaycanda yerləşən, işğal altında olan torpaqlarımızda tarixi-dini abidələrimiz ciddi dağıntılara məruz qalmışdır, bir qismi tamamilə məhv edilmişdir və vandalizm aktları müşahidə olunmaqdadır. Eyni zamanda həmin tarixi-dini abidələrin və komplekslərin özünəməxsus olan və onların ayrılmaz tərkib hissəsi olan mədəni mülkiyyətin qanunsuz olaraq ölkə ərazisindən çıxarılması halları müşahidə olunmaqdadır”, - A.Kərimli deyib.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə bir çox dini ibadət məkanlarında, o cümlədən məscidlərdə işğal dövründə təhqiramiz hərəkətlərə yol verilib.

Nazirin sözlərinə görə, postmünaqişə dövründə həmin abidələrin bərpası istiqamətində dövlət tərəfindən Qarabağda və Şərqi Zəngəzurda intensiv tədbirlər həyata keçirilir.

A.Kərimli, həmçinin minalanmış ərazilərdə tarixi-mədəni irsin, xüsusilə dini ibadət məkanlarının qorunması ilə bağlı problemlərin və təhlükələrin mövcud olduğunu bildirib.

Qeyd edək ki, Bakıda Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilir.

Tədbirin əsas müzakirə mövzularını Azərbaycanda tarixi-dini abidələrin qorunması, mühafizəsi və bərpası, bu sahədə mövcud çağırışların müəyyənləşdirilməsi, həmçinin milli-mədəni və dini irsin gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlər təşkil edir.

Konfrans çərçivəsində tarixi-dini abidələrin qorunmasında dövlət qurumlarının, dini icmaların, elm və təhsil müəssisələrinin əməkdaşlığı, abidələrin tədqiqi və bərpasında müasir yanaşmalar, eləcə də bu istiqamətdə gələcək fəaliyyət perspektivləri ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti