Bakı. Trend:
Azərbaycanın bacarıqlar ekosistemi qlobal təşəbbüslə gücləndirilir.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Dünya İqtisadi Forumunda fəaliyyət və bacarıqlar üzrə rəhbər Alison İqlşem (Alison Eaglesham) SABAH.city innovasiya şəhərciyində keçirilən “Baku ID 2026” innovasiya festivalının açlış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, 4SIM-in koordinasiyası ilə Dünya İqtisadi Forumunun “Qlobal Bacarıqlar Sürətləndiricisi” (Global Skills Accelerator) təşəbbüsü Azərbaycanda həyata keçirilir:
“Bu təşəbbüs gələcəyin iqtisadiyyatı üçün tələb olunan bacarıqların formalaşdırılması məqsədilə hökuməti, sənayeni və akademik dairələri bir araya gətirir.
Bu günə qədər forum öz Sürətləndirici təşəbbüsünü dünyanın 35-dən çox ölkəsində həyata keçirib və biz şadıq ki, Azərbaycan da bu qlobal dəyişikliklər icmasına qoşulub.
Yəqin ki, bəziləriniz forumun tanınmış nəşrlərindən biri olan “İş yerlərinin gələcəyi” (Future of Jobs) hesabatı haqqında eşitmisiniz. Bu hesabat bacarıqlar gündəliyinin miqyasını və aktuallığını vurğulayır. 2030-cu ilə qədər işçilərin əsas bacarıqlarının 39 faizinin dəyişəcəyi gözlənilir, qlobal işçi qüvvəsinin isə təxminən yarısının ixtisasartırmaya ehtiyacı olacaq. Bu, kiçik göstərici deyil”.
Alison İqlşem qeyd edib ki, analitik və yaradıcı təfəkkür, liderlik və dözümlülük kimi bacarıqlar gələcək illərdə də öz əhəmiyyətini qoruyacaq.
“Eyni zamanda, bu bacarıqlar sürətlə inkişaf edən texniki bacarıqlarla tamamlanır. Buraya süni intellekt, böyük verilənlər və kibertəhlükəsizlik kimi sahələr daxildir. Texnologiyalar inkişaf etdikcə qarşıdakı illərdə yeni bacarıqlar da formalaşacaq və inkişaf edəcək.
Gələcəyin iş dünyası texnoloji imkanlarla xüsusi insani bacarıqların unikal kombinasiyasını tələb edəcək. Bu bacarıqlar məcmusuna sahib olan iqtisadiyyatlar və işçi qüvvəsi gələcəkdə uğur qazanmaq üçün daha geniş imkanlara malik olacaq”, - deyə o əlavə edib.
Dünya İqtisadi Forumunun nümayəndəsi vurğulayıb ki, əsas məsələ yalnız gələcəyin bacarıqlarını müəyyənləşdirmək deyil, həm də insanların həmin bacarıqları əldə etməsinə imkan verən sistemlər qurmaqdır.
Onun sözlərinə görə, forumun “İş yerlərinin gələcəyi” hesabatında əks olunan araşdırmalar işəgötürənlərin 63 faizinin bacarıq çatışmazlığını biznesin transformasiyası qarşısında əsas maneələrdən biri hesab etdiyini göstərir.
“Hökumətlər, biznes subyektləri və təhsil provayderləri insanların bu bacarıqları inkişaf etdirmələri və onları məhsuldar, mənalı şəkildə tətbiq edə bilmələri üçün birlikdə çalışmalıdırlar.
Məhz buna görə “Baku ID” bugünkü müzakirələr üçün doğru platformadır. Sahibkarların, investorların, texnologiya şirkətlərinin, hökumətin və akademik dairələrin böyük innovasiya toplaşması olan “Baku ID” gələcək bacarıqların yaradıldığı, sınaqdan keçirildiyi və tətbiq olunduğu ekosistemi özündə birləşdirir”, - deyə A.İqlşem bildirib.
O qeyd edib ki, Azərbaycanın Bacarıqlar Sürətləndiricisi müzakirəsinin “Baku ID” çərçivəsində keçirilməsi mühüm mesaj verir:
“İnnovasiya iqtisadiyyatının qurulması yalnız texnologiya, startaplar və investisiyalarla bağlı deyil. Bu, eyni zamanda, onların arxasında duran istedad və bacarıqların inkişaf etdirilməsi deməkdir.
Məhz buna görə biz bu gün “Baku ID”də ekosistemin tərəfdaşlarını bir araya gətiririk. İlk növbədə, Azərbaycanın yeni nəsil şirkət və sənayelərinin hansı bacarıqlara ehtiyac duyacağını müzakirə edəcəyik, daha sonra isə işçi qüvvəsini gələcəyə hazırlamaq üçün hansı struktur dəyişikliklərinin tələb olunduğunu nəzərdən keçirəcəyik”.
Alison İqlşem bildirib ki, bu yanaşmanı praktiki fəaliyyətə çevirmək üçün ilk növbədə ölkədəki bacarıqlar mənzərəsini, əsas boşluqların harada olduğunu, nələrin artıq işlədiyini və əməkdaşlığın hansı istiqamətlərdə daha böyük nəticə verə biləcəyini dəqiq müəyyənləşdirmək lazımdır.
O əlavə edib ki, Azərbaycanın Bacarıqlar Sürətləndiricisinin ilk görüşündə həmsədrlər bu məsələləri və ölkənin dörd əsas çağırışını müzakirə etməyə başlayıblar.
“Bu müzakirələrə əsaslanaraq, 4SIM-in koordinasiyası və hökumətlərə və təşkilatlara gələcəyə hazır işçi qüvvəsi formalaşdırmağa kömək edən qlobal konsaltinq şirkəti “Mercer”in dəstəyi ilə ölkə üzrə sorğular və məsləhətləşmələr aparıldı.
Bütün bu işlər forumun “Bacarıqlar Sürətləndiricisi Təlimatı” qlobal çərçivəsindən istifadə edilməklə Azərbaycanın bacarıqlar ekosisteminin ətraflı sistem təhlili hesabatında bir araya gətirildi”, - deyə o vurğulayıb.
