Bakı. Trend:
ABŞ administrasiyası Səudiyyə Ərəbistanına "F-35 Lightning II Joint Strike Fighter" qırıcılarının və müvafiq avadanlıqların 24,3 milyard dollar dəyərində satışına dair razılığa gəlib.
Bu barədə ABŞ Dövlət Departamenti və Pentaqonun strukturuna daxil olan, hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika tədarükünə cavabdeh olan aidiyyəti dövlət qurumu məlumat yayıb.
ABŞ hər bir qırıcı ilə birlikdə Pratt & Whitney F135-PW-100 mühərrikləri, həmçinin əlavə bir ehtiyat mühərrik, eləcə də qorunan rabitə, naviqasiya və şifrələmə sistemləri təqdim edəcək.
ABŞ hakimiyyətinin fikrincə, “sövdələşmə NATO-ya daxil olmayan əsas müttəfiqlərdən birinin təhlükəsizliyini gücləndirməklə ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə nail olunmasına töhfə verəcək”.
Dövlət Departamenti və Pentaqon əlavə edib ki, “təklif olunan sövdələşmə Səudiyyə Ərəbistanının müdafiə qabiliyyətini gücləndirməklə, ABŞ Silahlı Qüvvələri, eləcə də digər regional və NATO qüvvələri ilə operativ qarşılıqlı fəaliyyət imkanlarını yaxşılaşdırmaqla ölkənin mövcud və gələcək təhdidlərin qarşısını almaq qabiliyyətini artıracaq”.
Administrasiyanın iddiasına görə, qırıcıların satışı “regiondakı hərbi balansı dəyişməyəcək” və “ABŞ Silahlı Qüvvələrinin döyüş hazırlığına mənfi təsir göstərməyəcək”.