Bakı. Trend:
Kanada Şimali Avropa ölkələrinin daxil olduğu Birləşmiş Ekspedisiya Qüvvələrinə (Joint Expeditionary Force, JEF) üzv olmaq üçün müraciət edib. Bu barədə Kanadanın Baş naziri Mark Karninin Liverpulda britaniyalı həmkarı Endi Bernhemlə danışıqlarının yekunlarına əsasən Kanadanın Baş nazirinin ofisi məlumat yayıb.
“Onlar iki ölkənin müdafiə və təhlükəsizlik sahələrində dərinləşən və genişlənən tərəfdaşlığını qeyd edib, bu istiqamətdə səylərin gücləndirilməsi imkanlarını müzakirə ediblər. Bununla əlaqədar Baş nazir Karni Kanadanın Birləşmiş Ekspedisiya Qüvvələrinə qoşulmaq üçün rəsmi müraciət etdiyini açıqlayıb. O, Böyük Britaniyanın Kanadanın bu mühüm təşəbbüsdə iştirakını dəstəkləməsini alqışlayıb”, - deyə Baş nazirin ofisindən bildirilib.
Onun sözlərinə görə, baş nazirlər həmçinin Böyük Britaniya, İtaliya və Yaponiyanın birgə hazırladığı, radarlarda görünmə səviyyəsi aşağı olan altıncı nəsil qırıcı-bombardmançı təyyarənin yaradılması proqramının təqdim etdiyi “hərbi-sənaye əməkdaşlığı” imkanlarını nəzərdən keçiriblər. Ottava iyul ayında bu proqrama müşahidəçi qismində qoşulub.
Karni və Bernhem Kanada ilə Böyük Britaniya arasında “iqtisadi əməkdaşlığın gücləndirilməsinin vacibliyini” vurğulayıb, süni intellekt sahəsindəki işləmələr də daxil olmaqla, qabaqcıl texnologiyalar üzrə qarşılıqlı fəaliyyəti genişləndirmək barədə razılığa gəliblər.
2014-cü ildə yaradılan JEF 10 ölkəni - Böyük Britaniya, Danimarka, İslandiya, Latviya, Litva, Niderland, Norveç, Finlandiya, İsveç və Estoniyanı birləşdirir. İştirakçı ölkələr vaxtaşırı birgə hərbi təlimlər keçirirlər. Bildirilir ki, onların məqsədi Şimali Avropa ölkələrinin silahlı qüvvələrinin böhran vəziyyətlərinə operativ reaksiya imkanlarını yaxşılaşdırmaqdır.
Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Birinci Dəniz Lordu (Baş Qərargah rəisi) general Qvin Cenkins avqustun sonunda Londonun komandanlığı altında fəaliyyət göstərən bu qüvvələrin yuxarıda sadalanan ölkələr üçün faktiki olaraq NATO-nu əvəz edə biləcəyini ehtimal edib.