Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərdə ilk bərpa olunan tarixi-dini abidələr məhz məscidlərdir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfrans çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə işğaldan azad edilmiş ərazilərdə tarixi-dini abidələrin bərpasına xüsusi diqqət yetirilir.
“İşğaldan azad edilmiş ərazilərdə ilk təmir olunan tarixi-dini abidələr məhz məscidlərdir. Bu da təsadüfi deyil. Çünki tarixi-dini abidələr ibadət evi və tarixi abidə olmaqla yanaşı, Azərbaycan xalqının mənəvi və tarixi yaddaşını özündə əks etdirir”, - G.İsmayılov bildirib.
Sədr müavini qeyd edib ki, tarixi-dini abidələr eyni zamanda Azərbaycana xas məzhəblərarası birliyin, dinlərarası dialoqun və multikultural dəyərlərin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
G.İsmayılovun sözlərinə görə, ölkədə yüzlərlə tarixi-dini abidə hazırda təyinatı üzrə məscid, kilsə və sinaqoq kimi fəaliyyət göstərir və həmin abidələrin nəzdində dini icmalar mövcuddur.
O əlavə edib ki, tarixi-dini abidələrin qorunması, təmiri və bərpası, gələcək nəsillərə ötürülməsi, eləcə də bu prosesdə dini icmaların və din xadimlərinin rolunun artırılması konfransın əsas müzakirə mövzularındandır.
“Ümid edirik ki, konfransda müzakirə edilən məsələlər Azərbaycan xalqının zəngin mədəni irsinin tərkib hissəsi olan tarixi-dini abidələrin qorunub saxlanılmasında yeni mərhələnin başlanğıcı olacaq”, - deyə G.İsmayılov vurğulayıb.
Qeyd edək ki, Bakıda Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans işə başlayır.
Konfransda mədəniyyət naziri Adil Kərimli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rektorları, dövlət qurumlarının nümayəndələri, eləcə də müvafiq sahə üzrə mütəxəssislər iştirak edirlər.
Tədbirin əsas müzakirə mövzularını Azərbaycanda tarixi-dini abidələrin qorunması, mühafizəsi və bərpası, bu sahədə mövcud çağırışların müəyyənləşdirilməsi, həmçinin milli-mədəni və dini irsin gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlər təşkil edəcək.
Konfrans çərçivəsində tarixi-dini abidələrin qorunmasında dövlət qurumlarının, dini icmaların, elm və təhsil müəssisələrinin əməkdaşlığı, abidələrin tədqiqi və bərpasında müasir yanaşmalar, eləcə də bu istiqamətdə gələcək fəaliyyət perspektivləri ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
