Bakı. Trend:
Azərbaycan öz milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, regional və qlobal müstəvidə sivilizasiyalar və mədəniyyətlərarası dialoqun əsas təşəbbüskarlarından biri kimi tanınır. Bu da ondan irəli gəlir ki, tarixin bütün dövrlərində ölkəmizin yerləşdiyi coğrafiyada tolerant və multikultural dəyərlər hökm sürüb. Cəmiyyətimizdə etnik və ya dini zəmində qarşıdurmaların, məzhəb ayrı-seçkiliyinin heç vaxt meydan tapmaması xalqımızın fərqli mədəniyyətlərə və inanclara bəslədiyi dərin hörmətin bariz göstəricisidir. Bu tarixi və mənəvi ənənə hazırda Azərbaycanda dövlət siyasətinin vacib istiqamətlərindən birini təşkil edir.
Prezident İlham Əliyevin sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Seyid Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından, Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi konseptual fikirlər Azərbaycanın humanist və prinsipial mövqeyinibir daha aydın şəkildə nümayiş etdirdi. Prezident İlham Əliyev bəyan etdi ki, türk dünyası, Qafqaz regionu və İslam aləmi həmrəylik göstərərək bir yerdə olduqca, bu sarsılmaz birliyə heç bir xarici qüvvə müdaxilə edə bilməz. Xüsusi qeyd olundu ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda davamlı sabitliyi təmin edən sülh gündəliyini təklif etsə də, xalqımız çəkdiyi əziyyətləri və təhqir olunmuş mədəni-dini irsimizi heç vaxt unutmayacaq.
Bakıda eyni vaxtda reallaşan mötəbər tədbirlərdə bir tərəfdən türk dünyasının dini liderlərinin bir araya gəlməsi, digər tərəfdən isə mütəfəkkir düşüncənin parlaq nümayəndələrindən olan Seyid Yəhya Bakuvi irsinin geniş təhlil olunması ölkəmizin “mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqa verdiyi müstəsna önəmin ifadəsidir. Prezident İlham Əliyevin öz çıxışında Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi nəhəng simaların adlarını xüsusi vurğulaması Azərbaycanın mənəvi və intellektual xəritəsinin zənginliyini göstərir. Bu dühaların zəngin irsi milli hüdudları aşaraq türk dünyasının və İslam sivilizasiyasının ümumbəşəri mədəni sərvətinə çevrilib. Azərbaycan xalqının yetişdirdiyi bu böyük şəxsiyyətlər əsrlər boyu Şərq və İslam aləminin elmi, fəlsəfi və ədəbi fikrinin formalaşmasına fundamental töhfələr veriblər. Məhz bu mənəvi zəmin Bakının qlobal dialoq mərkəzi kimi qəbul olunmasında həlledici rol oynayır.
Ölkəmizin beynəlxalq dialoq məkanı kimi mövqeyini şərtləndirən digər vacib amil Azərbaycanın türk dünyası ilə Qafqaz arasında körpü rolunu oynamasıdır. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, Azərbaycan həm türk dünyasının, həm də Qafqazın ayrılmaz və fəal tərkib hissəsidir:
“Bizim ölkəmizin tarixinə baxanda hər şey açıq-aydın görünür. Qədim Qafqaz Albaniyası məhz bizim ərazilərimizdə mövcud idi və qədim dövlətin paytaxtı Qəbələ şəhəri idi, bu gün də ölkəmizin ən gözəl yerlərindən biridir. Qədim Atabəylər dövlətinin paytaxtı isə digər gözəl şəhərimiz Naxçıvan olmuşdur. Yəni bu bir daha göstərir ki, Türk dünyası və Qafqaz - bu iki məkan, əslində, vahid bir coğrafiyanı əhatə edirdi və Türk Dövlətləri Təşkilatına üzv olan yeganə Qafqaz ölkəsi Azərbaycandır. Təbii ki, bizim Türk dünyası ilə sıx əlaqələrimiz var, Qafqaz xalqları ilə sıx qohumluq, dostluq əlaqələrimiz var”.
TDT müsəlman dini rəhbərlərinin toplantısında türk respublikaları ilə yanaşı Gürcüstan, Suriya və Şimali Qafqazdan olan dini xadimlərinin iştirakı inteqrasiya imkanlarının real təzahürüdür. Tarixən türk dünyası ilə Qafqaz arasında mövcud olmuş sıx əlaqələr, Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olması bu coğrafiyanın tarixi bütövlüyünü təsdiqləyir.
Onu da qeyd edim ki, Azərbaycan İslam həmrəyliyini yalnız bəyanatlarla deyil, əməli addımlarla dəstəkləyir. 2017-ci ildə Bakıda böyük təntənə ilə keçirilən IV İslam Həmrəyliyi Oyunları idman yarışı olmaqdan əlavə, müsəlman ölkələri arasında dostluq və birliyi nümayiş etdirən möhtəşəm platforma oldu. Gələn il isə Bakı İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edəcək ki, bu da Azərbaycanın İslam aləminin həmrəyliyinə verdiyi töhfələrin parlaq davamı olacaq.
Məlum olduğu kimi, torpaqlarımızın işğaldan azad edilməsindən sonraerməni vandalizminin siması bütün dünyaya agah oldu. Ən acınacaqlı məqamlardan biri isə 65 məscidimizin dağıdılması, təhqir edilməsi və məqsədli şəkildə həmin ibadət evlərində heyvanların saxlanılması idi. Prezident İlham Əliyevin vurğuladığı kimi bu addımlar təkcə Azərbaycan xalqına deyil, bütün İslam aləminə və müsəlmanların dini hisslərinə qarşı yönəlmiş açıq hörmətsizlik idi:
“65 məscid Ermənistan dövləti tərəfindən, - mən xüsusilə bunu qeyd etmək istəyirəm, bu, Ermənistanın dövlət siyasəti idi, - Ermənistan dövləti tərəfindən tam dağıdılmışdır. Bəziləri yarıdağılmış vəziyyətdə idi. Yəqin ki, siz də o fotoları görmüsünüz, Ermənistan məscidlərdə bilərəkdən, qəsdən heyvan saxlayırdı, donuz saxlayırdı, inək saxlayırdı. Yəni bizi təhqir etmək,bizi aşağılamaq üçün, bizim həssaslığımızı dərk edərək, yəni qəsdən xalqımızı daha da incitmək üçün belə vəhşi əməllərdən də çəkinmədi. Əslində bu, təkcə bizə, xalqımıza yox, bütün İslam dünyasına bir təhqir idi”.
Beynəlxalq aləm və müvafiq təşkilatlar isə bu ədalətsizliyə göz yumdu, BMT Təhlükəsizlik Şurasının qətnamələri kağız üzərində qaldı, ATƏT-in Minsk qrupu işğal faktını əbədiləşdirməyə çalışdı. İşğalçı dövlətə qarşı heç bir sanksiya tətbiq olunmadığı halda, Azərbaycan 2023-cü ilin sentyabrında öz suverenliyini tam bərpa etdikdən az sonra Avropa Şurasının ölkəmizə qarşı sanksiya tətbiq etməsi ikili standartların və islamofobiyanın bariz nümayişidir. Avropa Parlamentinin və digər Qərb təsisatlarının Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası müstəqil, prinsipial və heç kimdən asılı olmayan siyasətimizi qəbul edə bilməmələrinin göstəricisidir.
Təzyiqlərə və ikili standartlara baxmayaraq, Azərbaycan xalqı dövlət rəhbərinin ətrafında sıx birləşərək öz gücü hesabına tarixi ədaləti bərpa edib, separatçılığa son qoyub. İkinci Qarabağ müharibəsində mütləq qələbə qazanan Azərbaycan qisasçılıq deyil, sülh yolunu seçib. Çünki ölkəmiz sülh tərəfdarıdır və regionda sabitliyin bərqərar olmasında maraqlıdır.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda tarixi-dini abidələrin, məscidlərin və ziyarətgahların sürətlə və yüksək səviyyədə bərpa edilməsi ölkəmizin milli-mənəvi dəyərlərə yüksək diqqət və qayğısının, eləcə də öz zəngin tarixi irsinə sahib çıxmaq əzminin bariz təzahürüdür. Otuz ilə yaxın müddətdə erməni işğalı dövründə yerlə-yeksan edilən, təhqirlərə məruz qalan və həqiqi mahiyyəti dəyişdirilməyə cəhd olunan irsimizin yenidən dirçəldilməsi sadəcə tikinti-quruculuq işi deyil, eyni zamanda mənəvi ədalətin və tarixi yaddaşın bərpasıdır. İşğaldan azad olunmuş ərazilərdə bərpa edilən tarixi və dini abidələr Azərbaycanın öz mənəvi irsini qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək öhdəliyinə nə qədər sadiq olduğunu göstərir. Bu genişmiqyaslı bərpa prosesi həm də bütün müsəlman aləminə bir mesajdır ki, Azərbaycan öz torpaqları ilə paralel həm də İslam dünyasının dini dəyərlərini yenidən ucaldıb.
Prezident İlham Əliyevin TDT Müsəlman Dini Rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Seyid Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşdə verdiyi mesajlar göstərir ki, geosiyasi ziddiyyətlər fonunda müstəqilliyimizin, suverenliyimizin və inkişafımızın təminatında milli birlik və milli-mənəvi dəyərlərə bağlılıq kimiamillər mühüm rol oynayır. Eyni zamanda Bakıda keçirilən mötəbər tədbirləryalnız regionun deyil, türk-islam aləminin təhlükəsiz və sabit gələcəyi ilə bağlı mühüm istiqamətləri müəyyən edir.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı