Bakı. Trend:
Azərbaycan və Almaniya arasında Orta Dəhliz, aviasiya, rəqəmsallaşma və təlim sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) məlumat yayıb.
Bildirilib ki, bu məsələlər rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke ilə görüşündə müzakirə olunub.
Görüş zamanı iki ölkə arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər Orta Dəhlizin inkişafı, Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi, həmçinin Almaniyanın texnologiya şirkətləri ilə süni intellekt, “Big Data”, “IoT” və məlumat mərkəzləri sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycan ilə Almaniya arasında ticarət əməliyyatlarının həcmi 768,6 milyon ABŞ dolları təşkil edib.
Trend-in qurumun məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 264,3 milyon ABŞ dolları və ya təxminən 25,6 faiz azdır.
Hesabat dövründə Almaniya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,31 faizini təşkil edib. Beləliklə, Almaniya Azərbaycanın ən çox ticarət əməliyyatı həyata keçirdiyi ölkələr arasında yeddinci yeri tutub.
Azərbaycan Almaniyadan 481,7 milyon ABŞ dolları dəyərində məhsul idxal edib ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 85,2 milyon ABŞ dolları və ya 15 faiz azdır.
Eyni zamanda, bu ilin yanvar-avqust aylarında Azərbaycandan Almaniyaya məhsul ixracı 286,9 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 179,1 milyon ABŞ dolları və ya təxminən 38,4 faiz azdır.
