Bakı. Trend:
Qarabağın dirçəlişi və azad edilmiş ərazilərdə aparılan quruculuq işləri Ermənistanın revanşist qüvvələrində ciddi narahatlıq yaradıb, regionda davamlı sülhün təmin olunması isə Azərbaycan və Ermənistanın bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmət etməsindən asılıdır.
Bu fikirləri Milli Məclisin deputatı Ramid Namazov Trend-ə açıqlamasında Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərini şərh edərkən bildirib.
R.Namazovun sözlərinə görə, 58 ölkə və 9 beynəlxalq təşkilatdan 150 nəfərin iştirak etdiyi, sayca 22-ci olan səfər Ermənistan cəmiyyətində geniş əks-səda doğurub. O qeyd edib ki, ABŞ, Fransa, Almaniya və Avropa İttifaqının diplomatlarının səfərdə təmsil olunması xüsusi əhəmiyyət daşıyıb.
“Bu səfər dünya birliyinə və ictimaiyyətinə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu konkret olaraq faktlaşdırdı”, - deyə R.Namazov bildirib.
Onun sözlərinə görə, səfər zamanı Gəncəsər, Xudavəng və Qafqaz Albaniyasından qalmış digər tarixi abidələrlə tanışlıq erməni tərəfinin bu irsi özününküləşdirməsi ilə bağlı iddiaların reallıqla uzlaşmadığını göstərib. Deputat qeyd edib ki, Qarabağdakı abidələrin Azərbaycan dövləti tərəfindən qorunduğu diplomatların diqqətinə çatdırılıb.
R.Namazov bildirib ki, Ermənistanın Qarabağın tarixi-mədəni və dini irsi, toponimləri ilə bağlı uzun illər apardığı təbliğatın da əsassız olduğu üzə çıxıb. Onun fikrincə, diplomatların bölgəyə səfəri zamanı tarixi reallıqlarla tanış olması bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Deputat Ermənistanın diplomatik korpusun səfərinə münasibətini də tənqid edib. O, xarici diplomatların obyektiv müşahidələrinə qarşı sərt ritorikanın beynəlxalq sivil qaydalarla uzlaşmadığını bildirib.
“Baş verənlər onu göstərir ki, Ermənistan nə sülh prosesində, nə də bölgədə formalaşan əməkdaşlıq platformasında səmimidir”, - R.Namazov deyib.
Deputatın sözlərinə görə, Azərbaycan xarici diplomatlarla düzgün kommunikasiya quraraq regiondakı vəziyyəti yerində göstərir və azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin, sülh və əməkdaşlıq təşəbbüslərinin müşahidəsi üçün şəffaf şərait yaradır.

Milli Məclisin deputatı Sevinc Hüseynova isə Trend-ə açıqlamasında bildirib ki, diplomatik nümayəndələrin səfərinə Ermənistan cəmiyyətinin müəyyən dairələrində narazılıq və etirazların bildirilməsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə münasibətlə bağlı ziddiyyətli yanaşmaların hələ də mövcud olduğunu göstərir.
“Azərbaycanın suverenliyinə hörmət beynəlxalq hüququn əsas prinsipidir. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”, - deyə S.Hüseynova vurğulayıb.
O qeyd edib ki, diplomatik korpus nümayəndələri təmsil etdikləri dövlətlərin rəsmi mövqeləri çərçivəsində fəaliyyət göstərirlər və onların Azərbaycanın suveren ərazisinə səfəri hər hansı üçüncü tərəfin icazəsini tələb etmir. Deputatın sözlərinə görə, belə reaksiyalar Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı rəsmi bəyanatların cəmiyyət daxilində nə dərəcədə qəbul edildiyi barədə suallar yaradır.
S.Hüseynova Qarabağdakı tarixi və dini abidələrin mənsubiyyəti ilə bağlı müzakirələrə də toxunub. O bildirib ki, Gəncəsər və Xudavəng kimi abidələrlə bağlı fərqli yanaşmalar mövcuddur və bu məsələlər siyasi qarşıdurma müstəvisinə keçirilmək əvəzinə elmi mənbələr, arxeoloji materiallar və beynəlxalq ekspertiza əsasında araşdırılmalıdır.
Deputat əlavə edib ki, indiki Ermənistan ərazisində tarixən yaşamış azərbaycanlıların mədəni irsinin vəziyyəti də araşdırılmalı məsələlərdəndir. Onun sözlərinə görə, yaşayış məntəqələri, məscidlər, qəbiristanlıqlar və digər tarixi irs nümunələrinin taleyi sənədləşdirilməlidir.
“Əgər tərəflər həqiqətən uzunmüddətli sülh və normallaşma istəyirlərsə, keçmiş münaqişənin ritorikasından uzaqlaşmalı, yeni reallıqları qəbul etməli və qarşılıqlı suverenliyə hörmət prinsipini ictimai diskursun əsas elementlərindən birinə çevirməlidirlər”, - deputat deyib.
S.Hüseynova vurğulayıb ki, diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə reaksiyalar sülh prosesinin yalnız siyasi deyil, ictimai müstəvidə də möhkəmləndirilməsinə ehtiyac olduğunu göstərir.

