Bakı.Trend:
"One St. Martin" Assosiasiyası qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmaq hüququnu dəstəkləyir
Bunu assosiasiyanın prezidenti, Hovard Universitetinin müəllimi Roda Rebeka Arrindell videomüraciətində bildirib.
Bəyanat Bakı Təşəbbüs Qrupunun rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında dərc olunub.
“Biz, həmçinin məcburi köçkünlərin repatriasiya, istənilən vaxt öz seçimlərinə uyğun və onlar üçün əlverişli şərtlərlə geri qayıtmaq hüququnu tanıyırıq. Biz qərbi azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququnu da tanıyırıq”, - deyə o bildirib.
Arrindellin sözlərinə görə, dünyanın müxtəlif ölkələrində məcburi köçkünlərlə bağlı baş verənlər yalnız qərbi azərbaycanlılarla deyil, bütövlükdə dünyanın köçkün icmaları ilə bağlı narahatlıq doğurur.
“Biz, "One St. Martin" Assosiasiyası olaraq, öz dəstəyimizi ifadə edirik”, - deyə o bildirib. O əlavə edib ki, assosiasiya bütün dünyada məcburi köçkün icmaları ilə əməkdaşlıq etməyə və onların öz doğma torpaqlarına qayıtmasına dəstək verməyə hazırdır.
Arrindell, həmçinin Bakı Təşəbbüs Konfransında iştirak etmək imkanına görə minnətdarlığını bildirib və qeyd edib ki, bu, ona ölkəsində baş verənlərlə bağlı narahatlığını ifadə etməyə, eləcə də məcburi köçkünlərə dəstək göstərməyə imkan verib.
“Biz burada, Bakı Təşəbbüs Konfransında iştirak etmək imkanına görə də minnətdarıq. Bu platformada ölkəmizdə baş verənlərlə bağlı narahatlığımızı ifadə etməklə yanaşı, bütün dünyadakı, xüsusilə də qərbi azərbaycanlı bacı və qardaşlarımıza dəstəyimizi ifadə edə bilərik”, - deyə o yekunlaşdırıb.