Bakıda keçirilən beynəlxalq kofransda Orta Dəhliz üzrə müzakirələr aparılıb (FOTO)

İqtisadiyyat Xəbər 16 Sentyabr 2026 12:36 (UTC +04:00)
Bakıda keçirilən beynəlxalq kofransda Orta Dəhliz üzrə müzakirələr aparılıb (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı çərçivəsində “Regional inteqrasiya və Orta Dəhliz infrastruktura əsaslanan inkişafın katalizatoru kimi” mövzusunda panel müzakirəsi keçirilib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, paneldə Orta Dəhliz əməliyyatlarının səmərəliliyi, proqnozlaşdırılan olması və genişlənmə imkanlarını artırmaq üçün uyğunlaşdırılmış infrastruktur standartlarına, bir-biri ilə uzlaşan nəqliyyat sistemlərinə və sadələşdirilmiş gömrük prosedurlarına olan ehtiyac müzakirə edilib.

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxışı zamanı bildirib ki, Orta Dəhlizin rəqabət qabiliyyətliliyi yalnız fiziki buraxılış gücündən deyil, həm də yüklərin milli sərhədlərdən nə dərəcədə səmərəli keçməsindən asılıdır.

""e-Permit" (elektron icazə) "vahid pəncərə" sistemləri sərhədkeçmə sənədləşməsini sadələşdirməyə, inzibati maneələri azaltmağa, real vaxt rejimində yüklərin izlənilməsini təmin etməyə yönəlib",- deyə o bildirib.

Türk Dövlətləri Təşkilatının Macarıstan Nümayəndəlik Ofisinin rəhbəri Balazs Hendrich qeyd edib ki, Türk Dövlətləri Təşkilatı Orta Dəhlizə strateji mövqe kimi böyük diqqət yetirir.

"TDT üzv ölkələri arasında infrastrukturun genişləndirilməsinə xüsusi önəm verilir ki, bu da Orta Dəhlizi Şərq və Qərb arasında ən qısa və ən təhlükəsiz nəqliyyat əlaqəsinə çevirir. Üzv dövlətlər regionun artımına böyük sərmayələr qoyurlar.

TDT gömrük prosedurlarını və rəqəmsal xidmətləri standartlaşdırmaq və uyğunlaşdırmaqla səmərəliliyi artırmağa və maneələri azaltmağa çalışır",- deyə o əlavə edib.

Türkiyə İbn Haldun Universiteti nəzdindəki Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Yaşar Sarı vurğulayıb ki, Orta Dəhliz vasitəsilə cəmi 1 milyon ton məhsul daşınırdısa, bu gün bu göstərici 4 milyon tondan çoxdur.

"Dünya Bankının gözləntilərinə və proqnozlarına görə, 2030-cu ildə bu rəqəm 11 milyon tona çatacaq. Bu gün Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında daxili ticarət dövriyyəsi təxminən 53 milyard dollardır. 2030-cu il üçün gözlənti bunun 100 milyard dollardan çox olmasıdır. Orta Dəhliz regional sənaye potensialının qurulmasında və xüsusilə minerallarla bağlı dəyərin xarici güclərə axınının qarşısının alınmasında əsas rol oynayacaq”,- deyə o qeyd edib.

Qeyd edək ki, Bakıda Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı keçirilir.

“Türk Dövlətləri Təşkilatı çərçivəsində davamlı məsləhətləşmələr və birgə tədqiqatlar vasitəsilə iqtisadi əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunan konfransın əsas məqsədi TDT-yə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini, institusional mexanizmləri və birgə tədqiqat imkanlarını müzakirə etməkdir.

Konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Macarıstan və Şimali Kipr Türk Respublikasının müxtəlif dövlət qurumlarını, analitik mərkəzləri, elmi-tədqiqat və digər təşkilatlarını təmsil edən nümayəndələr iştirak edirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti