Bakı.Trend:
Çin hakerləri ABŞ-nin rabitə, enerji və nəqliyyat infrastrukturlarına uzunmüddətli çıxış əldə ediblər və bunun gələcəkdə təxribatlar üçün istifadə oluna biləcəyi ehtimal edilir.
Bu barədə “Foreign Affairs”in dərc etdiyi məqalədə deyilir.
Nəşr yazır ki, bu cür müdaxilələr elektrik enerjisinin kəsilməsi, su təchizatının pozulması və hərbi səfərbərliyin ləngidilməsi kimi ciddi fəsadlara səbəb ola bilər. Çin hakerlərinin bundan əvvəl Tayvanda xəstəxanalara, Hindistanda enerji şəbəkələrinə və Sinqapurun telekommunikasiya sistemlərinə hücum etdiyi qeyd olunur.
Məqalədə ABŞ-nin kritik infrastrukturunun böyük hissəsinin özəl şirkətlər tərəfindən idarə olunduğu və bəzi sistemlərin onilliklər əvvəl quraşdırıldığı, müasir kibertəhlükəsizlik imkanları məhdud avadanlıqlara əsaslandığı vurğulanır.
Məqaləyə görə, Vaşinqton dövlət və özəl sektorun iştirakı ilə kritik infrastrukturların davamlı stress-testlərdən keçirilməsi üçün təhlükəsiz milli platforma yaratmalı, aşkarlanan zəifliklərin aradan qaldırılmasına maliyyə və hüquqi dəstək verməlidir.
Müəlliflərin fikrincə, süni intellekt ABŞ-yə Çin qarşısında kibermüdafiə sahəsində geriliyi azaltmaq üçün real imkan yaradır, lakin bunun üçün mövcud texnologiyalardan vaxtında və koordinasiyalı şəkildə istifadə edilməlidir.
