Bakı. Trend:
Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsəni qəbul edib.
Bu barədə TÜRKPA məlumat yayıb.
Bildirilib ki, görüş zamanı TÜRKPA Baş katibi Assambleyanın son bir il ərzində həyata keçirdiyi fəaliyyət, qarşıdan gələn Plenar iclasa hazırlıq, ortaq parlament strategiyasının işlənib hazırlanması, Türk Dövlətləri Təşkilatı ilə ortaq hədəflər istiqamətində səmərəli əməkdaşlığın gücləndirilməsi, eləcə də üzv dövlətlərin xarici işlər nazirlikləri ilə mütəmadi təmasların faydası və əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, bu istiqamətdə səmərəli əməkdaşlığın davam etdirilməsindən məmnunluğunu ifadə edib.
Hakan Fidan, öz növbəsində, ətraflı məlumat üçün təşəkkürünü bildirib və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi olaraq bundan sonra da Ramil Həsənin rəhbərlik etdiyi TÜRKPA-nın fəaliyyətinə hərtərəfli dəstək verəcəyini ifadə edib. Nazir gələcək fəaliyyətində Baş katibə uğurlar arzulayıb.
Görüşdə TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayali iştirak edib.
