Bakı. Trend:
Hazırkı mərhələdə böyük perspektivə və potensiala malik, növbəti onilliklərə yönəlmiş yeni layihələr mövcuddur.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla Bakıda birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, iqtisadi sahə müzakirə edilərkən ənənəvi olaraq xüsusi strateji əhəmiyyətə malik istiqamətlər də müzakirə predmeti olub.
“Onların sırasında enerji sahəsini mən xüsusi olaraq vurğulamaq istərdim”, - deyə C.Bayramov əlavə edib.
O bildirib ki, uzun müddət ərzində, onilliklər ərzində Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsinin icrası və istifadəsi, eləcə də Cənub Qaz Dəhlizi yalnız Azərbaycan və Türkiyənin deyil, daha geniş coğrafiyanın enerji təhlükəsizliyinə iki ölkənin iştirakı ilə çox böyük töhfədir.
C.Bayramov qeyd edib ki, hazırkı mərhələdə böyük perspektivə və potensiala malik, növbəti onilliklərə yönəlmiş yeni layihələr mövcuddur və hazırda onların üzərində iki ölkə arasında çox koordinasiyalı şəkildə işlər həyata keçirilir.
Nazir bu istiqamətlər sırasında alternativ enerji sahəsindəki layihələri xüsusi qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda istehsal olunan alternativ, "yaşıl enerji"nin Qara dəniz üzərindən Avropaya çatdırılması və bu layihədə Türkiyənin iştirakı, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə yeni enerji kabelinin çəkilməsi, eləcə də Naxçıvanı Türkiyə ilə birləşdirən yeni enerji kabelinin yaradılması layihələri xüsusi strateji əhəmiyyət daşıyır.
“Bu layihələrin icra olunması artıq yaşıl enerji sahəsində iki ölkənin iştirakı ilə nəinki Azərbaycan və Türkiyə ölkələri və bazarları üçün, o cümlədən Avropa bazarı üçün Türkiyə üzərindən tranzit olaraq alternativ enerjinin çatdırılmasında çox böyük potensialı olan yeni istiqamətlər kimi biz bunları dəyərləndiririk”, - deyə C.Bayramov vurğulayıb.
