Bakı. Trend:
“AzerGold” QSC Naxçıvan Muxtar Respublikasının mineral-xammal
potensialının öyrənilməsi və perspektivli faydalı qazıntı
yataqlarının müəyyənləşdirilməsi məqsədilə Birləşmiş Ərəb
Əmirliklərinin International Resources Holding (IRH) şirkəti ilə
əməkdaşlıq edəcək.
Əməkdaşlıq çərçivəsində Naxçıvan ərazisində, ilk növbədə, strateji
əhəmiyyət daşıyan və iri miqyaslı kritik metal perspektivlərinin
müəyyənləşdirilməsi və qiymətləndirilməsi istiqamətində birgə
geoloji kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur.
Bu məqsədlə “AzerGold” QSC və IRH-in törəmə şirkəti “Terra Mining
Ltd” arasında “Azərbaycan Respublikasının Naxçıvan Muxtar
Respublikası ərazisində mineral-xammal potensialının və mədən
sahələrinin birgə qiymətləndirilməsi və kəşfiyyatı haqqında Saziş”
imzalanıb.
Sənəd 14 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin və Əbu-Dabi Əmirliyi hakiminin
müavini, milli təhlükəsizlik müşaviri cənab Şeyx Tahnun bin Zayed
Al Nəhyanın iştirakı ilə iki ölkə arasında bir sıra mühüm
sənədlərin imzalanması mərasimi zamanı rəsmiləşdirilib. Sazişi
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və IRH-in
Baş icraçı direktoru Əli Rəşid Əl-Rəşdi imzalayıblar.
Əməkdaşlıq çərçivəsində işlərin mərhələli şəkildə həyata
keçirilməsi planlaşdırılır. İlkin mərhələdə mövcud geoloji
məlumatların təhlili, müasir geoloji kəşfiyyat və tədqiqat
metodlarının tətbiqi, perspektivli sahələrin və potensial
hədəflərin müəyyənləşdirilməsi nəzərdə tutulur.
İlkin axtarış-qiymətləndirmə işlərinin nəticələri müsbət olduğu
təqdirdə, növbəti mərhələdə dəqiq kəşfiyyat aparılacaq, daha sonra
isə birgə hasilat imkanları və bu istiqamətdə əməkdaşlığın
perspektivləri müzakirə ediləcək.
Qeyd edək ki, İRH şirkəti mədən aktivlərinin qiymətləndirilməsi və
inkişafı sahəsində beynəlxalq təcrübəyə sahibdir və hazırda bu
istiqamətlər üzrə Afrika, Cənubi Asiya və Yaxın Şərq regionlarında
fəaliyyət göstərir. Şirkətin texniki və investisiya imkanlarının
“AzerGold”un təcrübəsi ilə birləşdirilməsi Naxçıvanın
mineral-xammal potensialının müasir beynəlxalq yanaşmalar əsasında
daha dərindən öyrənilməsi üçün əlavə imkanlar yaradacaq.
“AzerGold” və IRH arasında əməkdaşlığın perspektivli nəticələrinin
Muxtar Respublikada yeni investisiya imkanlarının formalaşmasına,
mədən sənayesində əlavə dəyərin və məşğulluğun artmasına, regionun
iqtisadi fəallığının genişlənməsinə və Azərbaycanın qeyri-neft
sektorunun inkişafına əlavə töhfələr verməsi nəzərdə tutulur.