Bakı. Trend:
Zəngilan şəhərində 2-ci yaşayış məhəlləsinin tikinti-quraşdırma işlərinin satın alınması üzrə müqavilə imzalanıb.
Bu barədə dövlət satınalmalarının vahid internet portalında məlumat dərc edilib.
Məlumata görə, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı satınalma prosedurunu yekunlaşdırıb.
Qurum tikinti-quraşdırma işlərinin icrasını “Protean Construction” Açıq Səhmdar Cəmiyyətinə (ASC) həvalə edib və şirkətlə müvafiq müqavilə bağlayıb.
Müqavilənin ümumi dəyəri 26,597 milyon manat təşkil edir.
Zəngilan şəhərində yeni yaşayış məhəllələrinin yaradılması işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsi və müasir yaşayış məntəqələrinin qurulmasına yönəlmiş genişmiqyaslı bərpa işlərinin tərkib hissəsidir.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev bir müddət əvvəl jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə “ağıllı kəndlər”i dayanıqlı məskunlaşma prinsipləri əsasında qurur.
V.Hacıyev qeyd edib ki, 2020-ci ildə ərazilərin işğaldan azad edilməsindən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb.
“İlk həyata keçirilən təşəbbüslərdən biri 2022–2026-cı illəri əhatə edən Böyük Qayıdış Proqramı oldu. Bu proqram keçmiş məcburi köçkünlərin dayanıqlı şəkildə geri qayıdışını təmin etmək məqsədilə çoxsaylı tədbir və hədəfləri özündə birləşdirir”, - deyə o bildirib.
Onun sözlərinə görə, proqram çərçivəsində yaşayış evlərinin tikintisi, ərazilərin inkişafı, avtomobil və dəmir yollarının, eləcə də digər zəruri infrastrukturun qurulması, həmçinin regionda investisiya imkanlarının yaradılması əsas prioritetlər sırasındadır.
“Məqsədimiz yalnız evlərin yenidən qurulması deyil, keçmiş məcburi köçkünlərin ləyaqətli və uzunmüddətli inamla geri qayıda biləcəyi təhlükəsiz, dayanıqlı və yaşamaq üçün əlverişli icmalar yaratmaqdır”, - deyə V.Hacıyev vurğulayıb.
O qeyd edib ki, artıq Ağalı, Məmmədbəyli və Horovlu kəndləri kimi layihələr həyata keçirilib.
“Bu kəndlər işğal dövründə tamamilə dağıdılmışdı. Hazırda isə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun şəkildə yeni dizaynlı ağıllı şəhər və ağıllı kəndlər inşa olunur”, - deyə o bildirib.
