Bakı. Trend:
Liviyada türkiyəli iş adamı Hamdi Akına məxsus özəl biznes təyyarəsi Mistrata hava limanına qəza enişi edib və yanıb.
Bu barədə Türkiyə KİV məlumat yayıb.
Səhər saat 05:45-də İstanbuldan havaya qalxan “Cessna Citation Latitude” tipli özəl biznes təyyarəsi Liviyadakı Misrata Beynəlxalq Hava Limanına endikdən dərhal sonra uçuş-enmə zolağından çıxıb. Nəzarətdən çıxan təyyarənin parçalandığı və yanğın baş verdiyi bildirilib.
Qəza səbəbindən hava limanında uçuşlar müvəqqəti dayandırılıb. Yanğına ilk müdaxilə hava limanının yanğınsöndürmə (ARFF) qrupları tərəfindən həyata keçirilib.
Təyyarədə sərnişinlərin olmadığı, yalnız 2 pilot və 1 stüardesanın olduğu məlum olub. ARFF qrupları tərəfindən alovların arasından yaralı vəziyyətdə çıxarılan ekipaj üzvləri ilkin tibbi yardımdan sonra xəstəxanaya yerləşdirilib. Ekipaj üzvlərinin həyatları üçün təhlükənin olmadığı və vəziyyətlərinin yaxşı olduğu açıqlanıb.
Qeyd edək ki, Hamdi Akın Türkiyənin tanınmış iş adamı və “Akfen Holding”in İdarə Heyətinin sədridir. O, inşaat, enerji, turizm, aviasiya və liman infrastrukturu da daxil olmaqla müxtəlif sahələrdə fəaliyyət göstərən “Akfen” qrupunun qurucusudur.
