Kəlbəcər. Trend:
2040-cı ilədək Kəlbəcərə 17 min nəfərin köçürülməsi planlaşdırılır.
Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunan müxbiri xəbər verir ki, bunu Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü çərçivəsində deyib.
O bildirib ki, Kəlbəcər şəhərində yeni yaşayış məhəllələrinin yaradılması və sosial infrastrukturun qurulması istiqamətində işlər davam etdirilir.
“Baş plana əsasən, şəhərin dördüncü yaşayış məhəlləsində 807 mənzilin, ikinci yaşayış mərhələsində isə 182 mənzilin inşası nəzərdə tutulub. Üçüncü yaşayış məhəlləsində 176 mənzilin sakinlərə təhvil verilməsi planlaşdırılır. Bu istiqamətdə artıq işlərə başlanılıb. Hazırda ictimai zonada yerləşən altı yaşayış binası isə ümumilikdə 162 mənzildən ibarətdir”, – B.Hacıyev deyib.
Xüsusi nümayəndə qeyd edib ki, bütün yaşayış mənzilləri və binaları isti su, qaz və sürətli rabitə infrastrukturu ilə təmin olunacaq.
Onun sözlərinə görə, şəhərdə sosial infrastruktur obyektlərinin yaradılması da nəzərdə tutulub:
“Kəlbəcərdə 528 şagirdin təhsil ala biləcəyi məktəbin açılması planlaşdırılır. Burada üç qrupluq uşaq bağçası, emalatxanalar, həmçinin 70 nəfərin gecələməsi üçün şərait yaradılacaq”.
B.Hacıyev əlavə edib ki, təxminən 11 hektarlıq ərazini əhatə edən mərkəzi parkın layihələndirilməsi yekunlaşdırılıb. Burada inzibati binanın və stadionun tikintisi də nəzərdə tutulub.
“Kəlbəcər Mərkəzi Xəstəxanası da hazırda layihələndirmə mərhələsindədir”, – xüsusi nümayəndə bildirib.
