Azərbaycan təmsilçisi çimərlik polusu turnirinin finalına yüksəlib (FOTO)

İdman Xəbər 12 Sentyabr 2026 19:10 (UTC +04:00)
Azərbaycan təmsilçisi çimərlik polusu turnirinin finalına yüksəlib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda ilk dəfə keçirilən çimərlik polosu üzrə “Sea Breeze 2026” beynəlxalq turnirində finalçıların adına aydınlıq gəlib.

Trend-in “Sea Breeze Resort”a ezam olunan müxbirinin xəbərinə görə, yarımfinal mərhələsinin Azərbaycan və Böyük Britaniya təmsilçiləri arasında keçirilən qarşılaşmasında “Elit polo club” üstün olub.

Azərbaycan klubu “Red Star”ı 9:7 hesabı ilə məğlub edərək turnirin finalına vəsiqə qazanıb.

Digər yarımfinalda isə İsveçrənin “Sankt Mortiz” komandası Rusiyanın “Moscow polo club” kollektivindən güclü olub. İsveçrə təmsilçisi rəqibinə 6:4 hesabı ilə qalib gəlib.

Bununla da “Sea Breeze 2026”nın finalında Azərbaycan və İsveçrə klubları qarşılaşacaq. Bürünc medal uğrunda oyunda isə “Red Star” və “Moscow polo club” üz-üzə gələcək.

Final və üçüncü yer uğrunda görüş sabah keçiriləcək.

Qeyd edək ki, tədbirin rəsmi təşkilatçıları Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) və “Sea Breeze”dir.

Turnirdə Azərbaycan, Böyük Britaniya, İsveçrə və Rusiyanı təmsil edən 4 komanda iştirak edəcək. Yarışda ümumilikdə 12 poloçu mübarizə aparacaq.

Komandaların heyətində Azərbaycan, Böyük Britaniya, İsveçrə, Rusiya, Argentina və Cənubi Afrika Respublikasını təmsil edən idmançılar yer alır.

Beach Polo formatında hər oyun 4 hissədən – çukkerdən ibarətdir. Hər çukker təxminən 7 dəqiqə davam edir. Fasilələr nəzərə alınmaqla bir oyunun ümumi müddəti təxminən 30–40 dəqiqə təşkil edir. Hava şəraiti və temperaturdan asılı olaraq oyunların müddətində və proqramda müəyyən dəyişikliklər edilə bilər.

Turnirin final oyunu 13 sentyabr saat 16:00-da keçiriləcək. Final oyunundan sonra qaliblərin mükafatlandırılması və kubokun təqdim edilməsi mərasimi təşkil olunacaq.

Tədbir çərçivəsində idman proqramı ilə yanaşı, tamaşaçılar üçün DJ proqramı və əyləncə elementləri də nəzərdə tutulur.

Turnirə giriş bilet əsasında həyata keçiriləcək və üç gün ərzində ümumilikdə təxminən 500 tamaşaçının iştirakı gözlənilir.

Turnirin oyunları İdman TV tərəfindən canlı yayımlanacaq. Bununla yanaşı, beynəlxalq polo auditoriyasına yönəlmiş Polo Line internet kanalı da tədbirdə iştirak edərək turnirin media işıqlandırılmasına və polo ictimaiyyətinə çatdırılmasına töhfə verəcək.

Çimərlik Polosu See Breeze 2026 Azərbaycanın atçılıq idmanının yeni və dinamik formatda təqdim olunması, beynəlxalq polo icması ilə əlaqələrin genişləndirilməsi, ölkənin polo və atçılıq mədəniyyətinin təbliği, eləcə də Azərbaycanın beynəlxalq idman tədbirlərinin keçirilməsi üzrə potensialının nümayiş etdirilməsi baxımından əhəmiyyətli tədbir kimi nəzərdə tutulur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti