Bakı. Trend:
ABŞ administrasiyasının rəhbəri Donald Tramp bildirib ki, hələlik ABŞ vitse-prezidenti Cey Di Vensin 2028-ci ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından namizədliyini dəstəkləməyə hazır deyil.
“Hazırda bunun üçün çox tezdir. O, möhtəşəmdir, bizim çoxlu sayda möhtəşəm insanımız var”, - deyə Tramp İrlandiyadan ABŞ-a uçmazdan əvvəl jurnalistlərlə söhbəti zamanı bildirib. ABŞ prezidentindən onun fikrincə, Vensə kimin rəqib ola biləcəyi barədə dəqiqləşdirmə istənildikdə, o, “onların hamısı çox yaxşıdır” deyə cavab verib.
Sentyabrın 10-da Dallasda keçirilən Respublikaçılar Partiyasının milli qurultayının nümayəndələri Vensi ABŞ-ın növbəti lideri kimi alqışlayıblar. Onun çıxışı zamanı iştirakçılar “qırx səkkizinci” şüarını səsləndirməyə başlayıblar. Hazırkı Vaşinqton administrasiyasının rəhbəri Donald Tramp ABŞ-ın 45-ci və 47-ci prezidentidir. ABŞ-da növbəti prezident seçkilərinin qalibi ölkənin 48-ci prezidenti olacaq. Vens isə səslənən şüarlara cavab olaraq bildirib ki, ilk növbədə noyabrda keçiriləcək Konqresə aralıq seçkiləri ilə bağlı məsələləri həll etmək, yalnız bundan sonra isə gələcəkdə baş verəcəkləri düşünmək lazımdır.
Avqustun 7-də Tramp bildirib ki, hazırda 2028-ci il seçkilərində Vensin ölkənin ən yüksək dövlət vəzifəsinə namizədliyini açıq şəkildə dəstəkləməyə hazır deyil. O, beləliklə, “The Washington Post” qəzetində yayılan və Trampın Respublikaçılar Partiyasının maliyyəçilərinə Vensi prezidentliyə namizəd kimi görmək istədiyini özəl şəkildə bildirdiyinin qeyd olunduğu xəbəri şərh edib.
