İndoneziyada bərə qəzasında itkin düşən 129 nəfərin axtarışları bərpa edilib

Dünya xəbərləri Xəbər 14 Sentyabr 2026 07:57 (UTC +04:00)
İndoneziyada bərə qəzasında itkin düşən 129 nəfərin axtarışları bərpa edilib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

İndoneziyanın Yava və Borneo adaları arasında hərəkət edən bərənin çevrilməsi nəticəsində azı altı nəfərin öldüyü hadisədən sonra itkin düşən 129 nəfərin axtarışları babu gün yenidən başlayıb.

Bu barədə xilasetmə xidmətləri məlumat verib.

“Virgo Transport 8” bərəsində 213 sərnişin və 30 ekipaj üzvü olub. Bərə şənbə günü Yava adasının şərqində yerləşən Surabaya şəhərindən Borneo adasındakı Banjarmasin şəhərinə yola düşüb. Bərə ilə əlaqə bazar günü səhər tezdən kəsilib. Milli Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Məhəmməd Şafii bazar ertəsi altı nəfərin öldüyünü təsdiqləyib, daha 129 nəfərin itkin düşdüyünü, 108 nəfərin isə xilas edildiyini bildirib.

Onun sözlərinə görə, axtarışlara beş hava gəmisi və hərbi gəmilər də daxil olmaqla 17 gəmi cəlb olunub. “Müəyyən etdiyimiz altı sektorda axtarış əməliyyatlarını intensivləşdirəcəyik və suyun səthində üzən qurbanların axtarışına üstünlük verəcəyik”, – deyə Şafii bildirib. O əlavə edib ki, xilasedicilərin yerini müəyyən etdiyi gəmi qalıqlarının daxilində və ətrafında qurbanların axtarışı üçün dalğıclar və sualtı dronlardan da istifadə olunacaq.

Nəqliyyat naziri Dudi Purvaqandi bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib ki, 2,5 metrdən yüksək dalğaların olduğu güclü dəniz şəraitində qəzaya uğrayan bərə həddindən artıq yüklənməyib və onun sərnişin sayı 500 nəfərlik maksimum tutumundan az olub.

17 mindən çox adadan ibarət və dəniz nəqliyyatından xüsusilə asılı olan İndoneziyada dəniz qəzaları tez-tez baş verir. Bunun əsas səbəbləri arasında təhlükəsizlik standartlarının yetərli olmaması və hava şəraitinin gözlənilməzliyi göstərilir.

Ötən bazar ertəsi Yava adasının qərbində, Anak Krakatau vulkanı yaxınlığında səkkiz nəfəri daşıyan sürətli qayıqla əlaqə kəsilib. Beşi jurnalist olmaqla, qayıqda olan səkkiz nəfərin tapılması üçün axtarışlar davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti