UNEC rektoru: Təhsil müddətinin azaldılması haqqında

Cəmiyyət Xəbər 14 Sentyabr 2026 11:19 (UTC +04:00)
UNEC rektoru: Təhsil müddətinin azaldılması haqqında

Bakı. Trend:

Bakalavr təhsilinin 3, magistr təhsilinin isə 1 ilə endirilməsinin müzakirə olunduğu haqqında məlumat oxudum.

Təhsilin gələcəyi və gələcəyin təhsili baxımından bu mövzunu kifayət qədər əhəmiyyətli və zəruri hesab edirəm. Eyni zamanda, inanıram ki, yalnız təhsil müddətinin azaldılması ilə təhsilin "sıçrayışlı" inkişaf etməyəcəyini və təhsildə "hər şeyin düzəlməyəcəyini" hamı qəbul edir. Mövzuya aidiyyəti olduğunu nəzərə alaraq, oxuduğum bir məlumatı da bölüşmək istədim. Söhbət doktorantura təhsilinin müddətinin azaldılmasından gedir. Norveç Biznes Məktəbinin professoru Adrian Furnham hesab edir ki, eksperimental elmlər üzrə PhD proqramını 15–18 ay ərzində uğurla başa çatdırmaq mümkündür. Onun fikrincə, doktoranturanın məqsədi uzun illər davam edən tədqiqat deyil, müstəqil elmi araşdırma aparmaq bacarığını nümayiş etdirməkdir. Müəllif doktorantların ilk semestrlərdən etibarən elmi rəhbərlə birlikdə real tədqiqatlara qoşulmasını, məlumat toplamasını, təhlil aparmasını və nəticələri nüfuzlu elmi jurnallarda dərc etdirməsini tövsiyə edir. O, hesab edir ki, nəşr olunmuş elmi məqalələr uğurlu PhD-nin ən etibarlı göstəricisidir.

Professor Adrian Furnham onun fikrinə qarşı səslənən üç əsas etiraza da cavab verir:

- Bu yanaşmanın yalnız psixologiyada mümkün olması fikrini qəbul etmir;

- Doktorantların tədqiqatçı kimi işləməsini istismar deyil, ən effektiv öyrənmə üsulu hesab edir;

- PhD-nin əsas məqsədinin böyük həcmli əsər yazmaq deyil, tədqiqat səriştəsini sübut etmək olduğunu vurğulayır.

Beləliklə, A. Furnham əmindir ki, PhD-nin keyfiyyəti onun neçə il davam etməsi ilə deyil, doktorantın qazandığı tədqiqat bacarıqları və ortaya qoyduğu elmi nəticələrlə ölçülməlidir. Başqa sözlə, PhD tədqiqat aparmaq bacarığını təsdiqləyən bir sertifikatdır. Düşünməyə dəyər!

Bütün hallarda, bu kimi aktual məsələlərin müzakirə predmetinə çevrilməsi çox faydalıdır. Əyrini daha təkmil etməyə çalışmağa dəyməz. Həqiqət odur ki, təhsilin gələcəyi və eləcə də gələcəyin təhsilini necə görürük sualı cavabını gözləyir.

Professor Ədalət Muradov
UNEC rektoru

Xəbər lenti

Xəbər lenti