Bakı. Trend:
Ötən altı il ərzində 40 mindən çox keçmiş məcburi köçkün doğma yurdlarına qayıdıb.
Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, indiyədək 45-dən çox yaşayış məntəqəsi yenidən qurulub və bərpa edilib.
“Hazırda Qarabağda 100 minə yaxın insan yaşayır, işləyir və təhsil alır. Cəmi altı il ərzində əldə olunan irəliləyişin miqyası böyükdür, lakin qarşıda duran çağırışlar da az deyil”, – nazir müavini qeyd edib.
E.Məmmədov vurğulayıb ki, mina təhlükəsi insanların həyatını təhdid etməkdə və yenidənqurma işlərinə mane olmaqda davam edir. O xatırladıb ki, ötən həftə baş verən mina hadisəsi nəticəsində daha bir mülki şəxs xəsarət alıb.
Nazir müavini bildirib ki, Azərbaycan bu maneələri aradan qaldırmaq və məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə doğma torpaqlarına Böyük Qayıdışını təmin etmək əzmindədir.
