Moody’s: "Digital Silk Way" məlumat tranzitində Qafqaz və Mərkəzi Asiyanın rolunu gücləndirəcək

İqtisadiyyat Xəbər 14 Sentyabr 2026 12:24 (UTC +04:00)
Moody’s: "Digital Silk Way" məlumat tranzitində Qafqaz və Mərkəzi Asiyanın rolunu gücləndirəcək
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

“Digital Silk Way” təşəbbüsü Mərkəzi Asiya və Qafqazın məlumat tranzitindəki rolunu gücləndirəcək.

Bu barədə Trend-in əldə etdiyi "Moody’s" hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, regional rəqəmsal bağlantının inkişafı süni intellekt (Sİ) infrastrukturunun genişləndirilməsində əsas amillərdən birinə çevriləcək. “Digital Silk Way” ticarət və enerji əlaqələrini təmin edən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (Orta Dəhliz) tamamlayacaq.

Təşəbbüsün əsas komponentlərinə Azərbaycan ilə Qazaxıstan arasında Transxəzər sualtı fiber-optik kabeli, region ərazisindən keçən yerüstü fiber-optik marşrutlar, həmçinin Cənubi Qafqazı Avropa ilə daha birbaşa əlaqələndirəcək Qara dənizdən keçən sualtı kabelin tikintisi layihəsi daxildir.

“İnternet bağlantısının yaxşılaşdırılması ilə yanaşı, bu layihələr sərhədlərarası rəqəmsal xidmətlərə daha yaxşı dəstək göstərməyə və regionun qlobal məlumat tranzitində rolunu gücləndirməyə imkan verəcək”, - deyə hesabatda qeyd olunur.

"Moody’s"in qiymətləndirməsinə görə, regionda Sİ infrastrukturu sahəsində ən nəzərəçarpan fəallıq iddialı dövlət siyasətini enerji resursları, rəqəmsal bağlantı sahəsində üstünlüklər və ya artıq formalaşmış texnoloji ekosistemlərlə birləşdirə bilən ölkələrdə müşahidə olunur.

Hesabata əsasən, Qazaxıstan özünü regional Sİ mərkəzi kimi mövqeləndirmək istiqamətində digər ölkələri qabaqlayır. Ölkə məlumat emalı mərkəzlərinin yaradılması ilə bağlı genişmiqyaslı planlar həyata keçirir, milli superkompüter yaradıb və Sİ sahəsində öz imkanlarını inkişaf etdirmək üçün addımlar atır.

Özbəkistan da məlumat emalı mərkəzlərinə əhəmiyyətli investisiyalar cəlb edir və bu layihələri bərpa olunan enerjinin inkişafı və elektrik enerjisinin güzəştli şərtlərlə təchizatı ilə əlaqələndirir.

Cənubi Qafqazda Ermənistan beynəlxalq texnologiya tərəfdaşlıqlarının dəstəyi ilə “AI Factory” layihəsinə investisiya qoymaq planlarına malikdir. Azərbaycan isə mövcud artıq elektrik enerjisi istehsalı güclərini, fiber-optik infrastrukturu və məlumat emalı mərkəzlərinin yaradılması planlarını daha geniş rəqəmsal dəhlizin inkişafı strategiyası çərçivəsində birləşdirməyə çalışır.

"Moody’s" qeyd edir ki, bu layihələrin səmərəli həyata keçirilməsi onların iqtisadi və strateji üstünlüklərini birbaşa tikinti mərhələsindən xeyli kənara çıxara bilər.

Uzunmüddətli perspektivdə Sİ üçün yerli hesablama güclərinin mövcudluğu regional bulud xidmətlərinin, məlumat saxlama mərkəzlərinin və “AI-as-a-Service” (xidmət kimi süni intellekt) sektorunun inkişafına təkan verərək rəqəmsal xidmətlər üçün yeni imkanlar yarada bilər.

Sİ alətlərinin daha geniş və əlçatan olması maliyyə, kənd təsərrüfatı, nəqliyyat, energetika və istehsal kimi sahələrdə fəaliyyət göstərən şirkətlərə Sİ əsaslı həlləri tətbiq etməyə imkan verəcək. Bu isə iqtisadiyyatların şaxələndirilməsinə, məhsuldarlığın və rəqabət qabiliyyətinin artırılmasına töhfə verəcək.

"Məlumatlar getdikcə daha strateji aktivə çevrildikcə, regionun həm fiziki, həm də rəqəmsal tranzit qovşağı kimi çıxış etmək qabiliyyəti, böyük ehtimalla onun geosiyasi və iqtisadi əhəmiyyətini artıracaq”,- deyə agentlik vurğulayır.

"Moody’s"in fikrincə, məlumat emalı mərkəzlərinin lokallaşdırılması hökumətlərə rəqəmsal suverenliyi gücləndirməyə, həssas dövlət, korporativ və vətəndaş məlumatlarının milli qanunvericilik və tənzimləyici nəzarət çərçivəsində saxlanılmasını təmin etməyə imkan verəcək.

Bundan əlavə, məlumat emalı mərkəzləri kritik əhəmiyyətli məlumatların və infrastrukturun milli sərhədlər daxilində yerləşdirilməsi hesabına kibertəhlükəsizlik və əməliyyat dayanıqlığını artıra bilər. Bu, məlumatların transsərhəd ötürülməsindən və geosiyasi sarsıntılarla bağlı risklərdən asılılığı azaldacaq.

Bununla yanaşı, "Moody’s" hesab edir ki, enerji gücləri Sİ infrastrukturunun inkişafında rəqabət qabiliyyətinin ən mühüm amilinə çevriləcək.

Qazaxıstan və Azərbaycan enerji resurslarının mövcudluğunu birbaşa rəqabət üstünlüyü kimi nəzərdən keçirir. Özbəkistan isə rəqəmsal infrastruktura investisiyaları bərpa olunan enerjinin inkişafı və elektrik enerjisinin güzəştli şərtlərlə təchizatı ilə əlaqələndirir.

Tacikistan və Qırğızıstan hidroenergetika hesabına təmin olunan hesablama gücləri sahəsində potensial olaraq müəyyən yer tuta bilər. Lakin "Moody’s"in qeyd etdiyi kimi, bu cür layihələrin həyata keçirilməsi bərpa olunan enerjinin istehsalında mövsümi dəyişikliklərlə bağlı risklərlə müşayiət olunur. Hər iki ölkə enerji saxlama sistemlərinə investisiyaları bərpa olunmayan mənbələr əsasında ehtiyat generasiya gücləri ilə birləşdirir. Bununla belə, bu həllərin genişləndirilməsi vaxt tələb edəcək.

Reytinq agentliyinin ekspertlərinin qeyd etdiyi kimi, eyni zamanda, regionun enerji sistemləri sənaye və elektrikləşmə sahəsində artan tələbatla, eləcə də köhnəlmiş infrastruktur problemi ilə üzləşir. Regionun bəzi iqtisadiyyatlarında qış aylarında istilik və elektrik enerjisi təchizatında mütəmadi olaraq fasilələr yaranır. Bu səbəbdən hökumətlər generasiya güclərini artırmalı, elektrik şəbəkələrini gücləndirməli və iri yeni elektrik enerjisi istehlakçılarının tələbatını təmin etmək üçün transsərhəd təşəbbüsləri nəzərdən keçirməli olacaqlar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti