Bakı.Trend:
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında əməkdaşlıq hər sahədə inkişaf edir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Türkmənistan Müsəlmanları Ruhani İdarəsinin yeni seçilmiş sədri müfti Rahman Qurbanmuradov Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderlərinin 7-ci Görüşündə deyib.
O qeyd edib ki, müftilər bu əməkdaşlıqlara öz töhfələrini verməlidirlər.
“Türk xalqları çox önəmli İslam alimləri yetişdirib. Xalqlarımız arasında dostluq və qonşuluq əlaqələrinin dərin tarixi var. Vahid din, oxşar mədəniyyət, dilimizin oxşarlığı qardaşlığımızın dərinliyini formalaşdırır”,- deyə o bildirib.
R.Qurbanmuradov əlavə edib ki, TDT-də bir çox fərqli sahələr üzrə təsisatlar mövcuddur.
“Bu cür konfranslarla dini liderlərin də bir araya gəlməsi mühüm əhəmiyyət kəsb edir. Çünki bizim ortaq dəyərlərimiz dil, din, mədəniyyətdir”,- deyə o vurğulayıb.
Qeyd edək ki, Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Müsəlman Dini İdarələri rəhbərlərinin VII görüşü keçirilir.
Görüşdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Müsəlman Dini İdarə rəhbərləri Şurasının VII görüşündə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının dini qurumlarının rəhbərləri iştirak edirlər.
Ümumilikdə isə tədbirə 40 ölkəni və 15 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri qatılıblar.
