Bakı. Trend:
Fransanın sağçı müxalifət partiyası “Milli Birlik”in lideri Jordan Bardella Bokruassan kommunasında yarmarkanı gəzərkən hücuma məruz qalıb. Siyasətçinin və onu müşayiət edən şəxslərin üzərinə bir neçə soğan və sarımsaq başı atılıb. Hadisənin görüntülərini TF1 telekanalı yayımlayıb.
Məlumata görə, tərəvəzləri siyasətçinin ətrafına toplaşan və onun kitabına avtoqraf almağa çalışan çoxsaylı insanların izdihamından narazı qalan piştaxta sahibləri atmağa başlayıblar. Sarımsaq başlarından biri müxalifət liderinin birbaşa üzünə dəyib. Bundan sonra mühafizəçilər ona tərəf atılan tərəvəzlərdən qorumaq üçün siyasətçinin üzərində bir neçə çətir açıblar.
“actu.fr” internet portalının məlumatına görə, hadisə başa çatdıqdan sonra Bardella yarmarkaya səfərini yarımçıq qoymayıb və orada olan insanlarla ünsiyyətini davam etdirib. Hücum edənlərdən hər hansı birinin saxlanılıb-saxlanılmadığı barədə məlumat verilmir.
