Xankəndi. Trend:
Sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günündə Xankəndi və Şuşa şəhərlərində bir sıra məkanlara baxış keçirilib.
Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunmuş müxbiri xəbər verir ki, səfər proqramına uyğun olaraq diplomatik korpusun nümayəndələri əvvəlcə Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində aparılan işlərlə tanış olublar. İştirakçılara kompleksdə görülən işlər barədə məlumat verilib.
Daha sonra Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzi ziyarət edilib. Burada Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev səfər iştirakçılarını salamlayıb.
Diplomatik korpusun nümayəndələri “Zəfər” parkını ziyarət edib, Zəfər tağı qarşısında xatirə şəkli çəkdiriblər.
Səfər çərçivəsində Qarabağ Universiteti ilə də tanışlıq olub. Universitetdə yaradılan şərait və onun fəaliyyəti barədə səfər iştirakçılarına məlumat verilib. Daha sonra diplomatik korpusun nümayəndələri Xankəndi şəhərində fəaliyyət göstərən “AzCotton” MMC-nin tikiş fabrikini ziyarət edib, müəssisənin fəaliyyəti ilə tanış olublar.
Səfər Şuşa şəhərində davam edib. Diplomatik korpusun nümayəndələrinə şəhərdə həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib. Diplomatlar Yeni Şuşa məscidinin tikintisinə baxış keçiriblər. Daha sonra Cıdır düzü, Qarabağ küçəsi və Şuşa mərkəzi meydanı, həmçinin “Sadıqcanın evi” və Yuxarı Gövhər ağa məscidi ziyarət edilib. Şuşa mərkəzi meydanında yerləşən güllələnmiş büstlərə də baxış keçirilib.
Diplomatlar Şuşa Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar. Ardınca Şuşa qala divarlarına səfər edilib, qala divarları qarşısında xatirə şəkli çəkilib. Diplomatik korpusun nümayəndələri birinci yaşayış məhəlləsində yaradılmış şəraitlə tanış olublar və Şuşa sakinləri ilə görüşüblər.
Səfər iştirakçıları Meksika Birləşmiş Ştatlarının Müstəqillik Günü münasibətilə Şuşada təşkil olunmuş rəsmi qəbulda iştirak ediblər.
Səfər sentyabrın 12-də davam etdiriləcək.
xxx
15:00
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndidə Zəfər Parkını ziyarət ediblər.
Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunmuş müxbiri xəbər verir ki, səfər iştirakçıları Zəfər tağının önündə xatirə fotosu çəkdiriblər.
Daha sonra diplomatik korpusun nümayəndələri Zəfər meydanına yollanıblar.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.
Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən, ümumilikdə 150 nəfərdən ibarət heyət iştirak edir.
Daha sonra diplomatik korpusun nümayəndələri bu gün Qarabağ Universiteti ilə tanış olublar.
Rektor Şahin Bayramov diplomatlara Qarabağ Universitetinin fəaliyyəti barədə məlumat verib.
Qeyd edək ki, səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.
Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olacaqlar.
xxx
12:00
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndidəki Mədəniyyət Mərkəzini ziyarət ediblər.
Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunan müxbiri xəbər verir ki, qonaqlara mərkəzin fəaliyyəti, infrastrukturu və burada keçirilən mədəni tədbirlər barədə məlumat verilib.
Xatırladaq ki, bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.
xxx
11:00
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcər şəhərlərinə səfəri başlayıb.
Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunan müxbiri xəbər verir ki, nümayəndə heyətini Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Nümayəndə heyəti əvvəlcə Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi səfər ediblər.
Hazırda Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində bərpa-quruculuq işləri gedir. Diplomatik korpusun nümayəndələri burada görülən işlərlə tanış olublar.
Sonra Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzini ziyarət edəcəklər.
xxx
10:40
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Füzuliyə çatıblar.
Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunan müxbiri xəbər verir ki, diplomatik korpusun nümayəndələri hazırda Füzuli Beynəlxalq Hava Limanındadırlar.
Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.
Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.
Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olacaqlar.
xxx
08:50
Sentyabrın 11-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.
Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunmuş müxbiri xəbər verir ki, səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150nəfərdən ibarət heyət iştirak edir.
Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olacaqlar.
Bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə 2020-ci ildən etibarən sayca 22-ci səfəridir.
