Azərbaycan və Türkiyə enerji tərəfdaşlığını yeni strateji mərhələyə daşıyır - Pərviz Şahbazov

Energetika Xəbər 11 Sentyabr 2026 13:08 (UTC +04:00)
Azərbaycan və Türkiyə enerji tərəfdaşlığını yeni strateji mərhələyə daşıyır - Pərviz Şahbazov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığı Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə daha da güclənərək yeni strateji məzmun qazanıb.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə V Enerji Forumunda çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, bu mərhələ milli və regional enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, enerji axınlarının şaxələndirilməsi, yeni elektrik enerjisi erasının tələblərinə uyğun bağlantıların yaradılması, enerji sistemlərinin inteqrasiyası və ortaq Türk dünyası vizyonu ilə səciyyələnir.

"Azərbaycan-Türkiyə Enerji Forumu bu dövrdə mütəmadi toplantıları və işçi qruplarının fəaliyyəti ilə bu strateji gündəliyin həyata keçirilməsinə xidmət edərək karbohidrogenlər, bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik enerjisi, tənzimləmə və mədənçilik sahələrində əməkdaşlığımızın dərinləşməsinə davamlı töhfə verir", - deyə P.Şahbazov bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində birgə səylər nəticəsində enerji tərəfdaşlığı mühüm nəticələrlə zənginləşib.

"Ölkələrimizin birgə güclü siyasi iradəsinin məhsulu olan Iğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi, Türkiyə Petrollerinin "Şahdəniz" layihəsinə qoşulması, "Abşeron" yatağının tammiqyaslı işlənməsi mərhələsində hasil olunacaq qazın bir hissəsinin Türkiyəyə ixracına dair razılaşma, həmçinin Azərbaycan qazının Türkiyə üzərindən Cənub Qaz Dəhlizinin əhatə dairəsindən kənarda olan yeni Avropa bazarlarına və Suriyaya nəqli enerji tərəfdaşlığımızın genişlənən miqyasını və coğrafiyasını nümayiş etdirir", - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir.

Forumda karbohidrogen və neft-kimya, enerji səmərəliliyi, elektrik enerjisi bazarı, bərpa olunan enerji, tənzimləmə, mədənçilik və digər istiqamətlər üzrə müzakirələr aparılır. Forumun protokolunun imzalanması sonda mətbuat üçün brifinqin təşkil edilməsi planlaşdırılır.

Xatırladaq ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb.

İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, 2-ci Forum 2022-ci il 5-6 oktyabr tarixlərində İstanbul şəhərində, 3-cü Forum 2023-cü il 28-29 sentyabr tarixlərində Naxçıvan şəhərində, 4-cü Forum isə 2025-ci il 4 sentyabr tarixində İzmir şəhərində keçirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti