Azərbaycan-Ermənistan sərhədindən Naxçıvana elektrik xəttinin layihələndirilməsi yekunlaşıb - "AzərEnerji"

İqtisadiyyat Xəbər 11 Sentyabr 2026 13:24 (UTC +04:00)
Azərbaycan-Ermənistan sərhədindən Naxçıvana elektrik xəttinin layihələndirilməsi yekunlaşıb - "AzərEnerji"
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Cəbrayıl qovşağından Ermənistanla dövlət sərhədinədək 74 kilometrlik Cəbrayıl-Ağbənd iki dövrəli 330 kilovoltluq xəttin tikintisi artıq yekunlaşmaq üzrədir, demək olar ki, başa çatıb.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu "AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev Azərbaycan-Türkiyə V Enerji Forumunda çıxışı zamanı bildirib.

B.Rzayev qeyd edib ki, Azərbaycan tərəfi zəruri infrastrukturun yaradılması istiqamətində də praktiki işlər həyata keçirir.

Onun sözlərinə görə, Naxçıvan ərazisində Azərbaycan-Ermənistan sərhədindən Naxçıvan şəhəri istiqamətində elektrik verilişi xəttinin layihələndirilməsi üzrə müvafiq işlər də artıq yerinə yetirilib.

"Gələcəkdə Naxçıvanda Azərbaycan ilə Türkiyə arasında birbaşa elektrik əlaqəsinin əsas elementlərindən biri olacaq çevirici yarımstansiyanın tikintisi üçün nəzərdə tutulmuş ərazi "AzərEnerji" ASC-yə ayrılıb", - deyə B.Rzayev qeyd edib.

O bildirib ki, MEB marşrutu ilə bağlı zəruri siyasi qərarların yaxın zamanda qəbul ediləcəyinə ümid edilir.

"Bu marşrutun enerji komponentinin həyata keçirilməsi Azərbaycanın əsas enerji sistemini Naxçıvanın enerji sistemi ilə birləşdirməyə və bununla da Türkiyə ilə elektrik əlaqəsinin daha da inkişaf etdirilməsi üçün zəruri infrastruktur bağlantısını formalaşdırmağa imkan verəcək", - deyə B.Rzayev vurğulayıb.

O qeyd edib ki, Azərbaycan və Türkiyə arasında elektrik interkonneksiyası layihəsinin həyata keçirilməsi üzrə konkret istiqamətləri və praktiki addımları müəyyən edən "Yol xəritəsi" imzalanıb.

"Perspektivlərə həsr olunmuş "Yol xəritəsi"nin imzalanması mühüm hadisədir. Bu sənədlə ölkələrimiz arasında interkonneksiya layihəsinin həyata keçirilməsi üzrə konkret istiqamətlər və praktiki addımlar müəyyən edilib", - deyə B.Rzayev bildirib.

Onun sözlərinə görə, ötən 5 il ərzində Azərbaycan və Türkiyənin mütəxəssisləri arasında davamlı işgüzar təmaslar olub, hər iki ölkəyə texniki səfərlər həyata keçirilib, birgə müzakirələr aparılıb və zəruri texniki məlumat mübadiləsi təmin edilib.

"Qeyd etmək istərdim ki, hələ 2022-ci ildə iki ölkə arasında elektrik şəbəkəsi infrastrukturunun genişləndirilməsi və ötürmə qabiliyyətinin 1000 meqavata qədər artırılması imkanları üzrə ilkin texniki təhlillər aparılıb", - deyə o qeyd edib.

B.Rzayev bildirib ki, hazırda həmin işlərin davamı olaraq 1000 meqavata qədər ötürmə imkanları 2032, 2037 və 2040-cı illər üzrə enerji sistemlərinin perspektiv inkişaf ssenariləri nəzərə alınmaqla daha ətraflı təhlil edilir.

"Hazırda bu işlər aktiv texniki mərhələdədir. Türkiyəli tərəfdaşlarımızla sistemlərarası əlaqələrin ötürmə qabiliyyətinin genişləndirilməsi perspektivlərinin qəbul edilmiş metodologiya əsasında birgə və kompleks şəkildə təhlil olunması barədə razılığa gəlmişik. "AzərEnerji" tərəfindən bu təhlilin aparılması üçün tələb olunan bütün ilkin məlumatlar və texniki göstəricilər artıq təqdim edilib", - deyə B.Rzayev vurğulayıb.

O bildirib ki, cari il ərzində Türkiyə Elektrik İletim A.Ş. (TEİAŞ) nümayəndələri ilə dəfələrlə görüşlər keçirilib və layihənin mümkün həyata keçirilmə variantlarının növbəti mərhələdə işlənməsi üçün artıq ilkin nəticələr mövcuddur.

"AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri TEİAŞ rəhbərliyinə, texniki mütəxəssislərə və Türkiyəli həmkarlarına peşəkar və konstruktiv fəaliyyətlərinə görə təşəkkür edib.

"Biz bu əməkdaşlığı yüksək qiymətləndiririk və onun eyni intensivliklə davam etdirilməsinə çalışırıq. TEİAŞ ilə əməkdaşlığımız yalnız interkonneksiya layihəsi ilə məhdudlaşmır. Biz həmçinin enerji sisteminə artan həcmdə bərpa olunan enerji mənbələrinin inteqrasiyası, enerji sisteminin idarə olunması, onun dayanıqlığının və etibarlılığının təmin edilməsi məsələləri üzrə sıx əməkdaşlıq edir, eləcə də sistem operatorlarının fəaliyyətinin digər istiqamətləri üzrə təcrübə mübadiləsi aparırıq", - deyə o bildirib.

B.Rzayev qeyd edib ki, Azərbaycanda günəş və külək enerjisi sahəsində iri miqyaslı layihələrin həyata keçirildiyini nəzərə alaraq, Türkiyənin bu sahədə malik olduğu praktiki təcrübə xüsusi maraq doğurur.

O, Azərbaycan-Türkiyə birbaşa elektrik bağlantısı ilə yanaşı, "AzərEnerji"nin daha fəal iştirak etdiyi Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Ötürülməsi Layihəsinin də mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

""AzərEnerji" olaraq bu strateji əhəmiyyətli layihələrin həyata keçirilməsinə bütün zəruri texniki və peşəkar dəstəyi göstərməyə hazırıq", - deyə B.Rzayev bildirib.

"Əminəm ki, birgə səylərimiz, ölkələrimizin rəhbərliklərinin dəstəyi və sıx əməkdaşlıq nəticəsində bu gün həyata keçirilən texniki işləri və əldə olunmuş razılaşmaları konkret infrastruktur layihələrinə, Azərbaycan ilə qardaş Türkiyə arasında yeni enerji bağlantılarına çevirə biləcəyik", - deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti