Braziliyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Dünya xəbərləri Xəbər 11 Sentyabr 2026 05:45 (UTC +04:00)
Braziliyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Bakı. Trend:

Braziliyanın Mato-Qrosso ştatında kiçik təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həyatını itirib.

Bu barədə yerli G1 telekanalı yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

Qəza Aqua-Boa şəhərindən təxminən 20 kilometr aralıda baş verib. Hadisə nəticəsində ölən şəxslərin kimliyi hələ müəyyənləşdirilməyib.

İlkin məlumatlara əsasən, təyyarə Qoyaniya şəhərində yerləşən aerodromdan havaya qalxıb. Lakin hava gəmisinin qeydiyyatdan keçmiş uçuş planı olmadığı üçün onun hansı istiqamətə uçduğu məlum deyil.

Qəza zamanı təyyarə tamamilə yanaraq məhv olub. Yerli hakimiyyət orqanlarının məlumatına görə, söhbət N401NA qeydiyyat nömrəli "Cessna" markalı hava gəmisindən gedir. Bununla yanaşı, təyyarənin Braziliyanın Milli Mülki Aviasiya Agentliyində (ANAC) qeydiyyatda olmadığı bildirilib.

Qəzanın səbəbləri və hadisənin digər təfərrüatları Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi (CENIPA) tərəfindən araşdırılacaq.

Xəbər lenti

Xəbər lenti