Bakı. Trend:
COP31 Fəaliyyət Gündəliyinin nəticələri, təşəbbüslər və öhdəliklər qarşıdakı həftələrdə bütün ölkələr və maraqlı tərəflərlə paylaşılacaq.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu COP31 Fəaliyyət Gündəliyinin direktoru Tuğba Dinçbaş Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Mərakeş Tərəfdaşlığı” mövzusunda dəyirmi masada deyib.
O bildirib ki, COP31-ə hazırlıq çərçivəsində yüksək səviyyəli çempionlar, İqlim Çempionları komandası, fəallaşdırma qrupları və digər maraqlı tərəflərlə əməkdaşlıq edilir.
“Biz İqlim Çempionları komandasından fəallaşdırma qrupları ilə birlikdə işləməyi, onların planlarını və COP31 çərçivəsində həyata keçirmək istədikləri işləri paylaşmağı xahiş etmişik. Əməkdaşlıq imkanlarını müəyyənləşdirməyi və əldə olunan nəticələri birgə şəkildə irəli aparmağı səbirsizliklə gözləyirik”, - deyə o qeyd edib.
Tuğba Dinçbaşın sözlərinə görə, Bakı İqlim Fəaliyyəti Həftəsi bu səylərin bir araya gətirilməsi, maraqlı tərəflər arasında əməkdaşlığın gücləndirilməsi və iqlim sahəsindəki ambisiyaların konkret fəaliyyətə çevrilməsi baxımından mühüm platformadır.
“Bu, Antalyaya doğru dinamikanın yaradılması və COP31 Fəaliyyət Gündəliyinin icrasının irəlilədilməsi baxımından mühüm addımdır”, - deyə o əlavə edib.
O bildirib ki, Nyu-York İqlim Həftəsindən əvvəl COP31 Fəaliyyət Gündəliyi çərçivəsində əldə olunan nəticələr, təşəbbüslər və öhdəliklər bütün ölkələr və maraqlı tərəflərlə rəsmi şəkildə paylaşılacaq.
“21 sentyabrda Nyu-York İqlim Həftəsi çərçivəsində Fəaliyyət Gündəliyinin bütün nəticələrini təqdim edəcəyik. Daha sonra Nyu-York İqlim Həftəsi zamanı elektrikləşdirmə və digər istiqamətlər üzrə müxtəlif tədbirlər keçiriləcək və hər birinizi bu tədbirlərdə iştirak etməyə dəvət edirik”, - deyə Tuğba Dinçbaş vurğulayıb.
COP31 Fəaliyyət Gündəliyinin direktoru həmçinin İqlim Elçisi təşkilatları çərçivəsində yaradılmış Biznes Elçisi işçi qruplarının roluna diqqət çəkib. Onun sözlərinə görə, bu qruplar Fəaliyyət Gündəliyinin prioritet istiqamətlərinin biznes ictimaiyyəti arasında təşviqinə, onların daha geniş tətbiqinə və icrasına dəstək verməlidir.
“Bu qrupların məqsədi mövcud səyləri təkrarlamaq və ya onlarla üst-üstə düşmək deyil. Əksinə, onların özəl sektorun daha geniş iştirakını, təcrübəsini və icra imkanlarını gücləndirməklə mövcud təşəbbüsləri tamamlaması və dəstəkləməsi nəzərdə tutulur”, - deyə o bildirib.
Tuğba Dinçbaş qeyd edib ki, COP31-in tematik günləri də müəyyənləşdirilib və bütün maraqlı tərəflər bu prosesdə iştirak etməyə dəvət olunur.
“Bakıdan Antalyaya keçərkən məqsədimiz çox aydındır: tərəfdaşlıqları gücləndirmək, maliyyə və texnologiyanı səfərbər etmək, icranı sürətləndirmək və kollektiv öhdəliklərimizi konkret nəticələrə çevirməkdir. Gəlin Bakıdan Antalyaya tərəfdaşlıq və icra üzrə bu ortaq səfəri davam etdirək”, - deyə o əlavə edib.
