Bakı. Trend:
Birləşmiş Ştatlar Meksikadakı narkokartellər tərəfindən gələn təhdidə "bu və ya digər şəkildə cavab vermək" niyyətindədir, lakin Vaşinqton və Mexikonun təhlükəsizlik sahəsində əməkdaşlığı fəallaşdıracağına ümid edir.
Bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
"Bizim ümidimiz və niyyətimiz bununla Meksika ilə tərəfdaşlıq şəraitində məşğul olmaqdır. İdeal variant budur. Lakin son nəticədə bu təhdidə bu və ya digər şəkildə cavab vermək lazım gələcək", — deyə Amerika xarici siyasət idarəsinin rəhbəri ABŞ-nin cənub sərhədlərində iri narkokartellərin mövcudluğu problemini şərh edərkən vurğulayıb. "Bununla belə, biz Meksika hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində bu məsələ ilə məşğul olacağımıza ümid edirik", — deyə Rubio səfərdə olduğu Kitoda jurnalistlərlə söhbət edərkən əminliklə bildirib.
"Meksika məsələsi ölkənin miqyası və orada fəaliyyət göstərən kartellərin gücü baxımından daha ciddi bir çağırışdır", — deyə Amerika diplomatiyasının rəhbəri qeyd edib.