Bakı. Trend:
COP31 çərçivəsində Mavi zona 219 təsdiqlənmiş müraciət daxil olub.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Dəstək Xidmətləri İdarəsinin rəisi Ahmet Sami Kulaklıoğlu "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində keçirilən "COP31: əməliyyatların idarə edilməsi" tədbirində deyib.
Onun sözlərinə görə, müraciətlərin 92-si ölkələrdən, 70-i vətəndaş cəmiyyəti təşkilatlarından, 38-i hökumətlərarası təşkilatlardan, 18-i isə Birləşmiş Millətlər Təşkilatının agentliklərindən daxil olub.
"Pavilyon sorğularını planlaşdıraraq Birləşmiş Millətlər Təşkilatına təqdim etdik və bu sorğular təsdiqləndi. Müraciət və təsdiq prosesi tamamlandı, sahə yerləşmələri planlaşdırıldı. Sentyabrın 15-dən oktyabrın 30-dək pavilyon və ofislərin quraşdırılması tamamlanacaq", - deyə A.S.Kulaklıoğlu bildirib.
O qeyd edib ki, iştirakçı tərəflərə Mavi zonada 25-150 kvadratmetr arasında dəyişən hazır stend seçimləri təqdim ediləcək. 100 kvadratmetrdən böyük sahə üçün müraciət ediləcəyi təqdirdə isə xüsusi dizaynlı pavilyonların yaradılması mümkün olacaq.
A.S.Kulaklıoğlu bildirib ki, Yaşıl zona iştirakçıların layihələrini, işlərini və həll təkliflərini təqdim edə, yeni əməkdaşlıqlar qura biləcəkləri dinamik görüş məkanı kimi planlaşdırılıb.
"Yaşıl zonada fəaliyyət gündəmimiz və prioritet istiqamətlərimiz əsas götürülərək müxtəlif mərkəzlər yaradılıb. Bunlara Sıfır tullantı, İqlim maliyyəsi, Enerji və nəqliyyat, Elm və texnologiya, Dözümlü şəhərlər, Yaşıl sənayeləşmə, Startup Zone, Mədəniyyət və sivilizasiya, Gənclik və uşaq, eləcə də COP-Art daxildir", - deyə o vurğulayıb.
Nazirliyin rəsmisi əlavə edib ki, COP31 ərazisinin rəmzi quruluşu olan 116 metr hündürlüyündə COP31 qülləsi Yaşıl zonanın girişində ziyarətçiləri qarşılayacaq.
"Qüllə COP31 müddətində müxtəlif işıq şoularına ev sahibliyi edəcək. Eyni zamanda, gündə iki seans olmaqla ziyarətçilər üçün açıq olacaq və Antalyanı, eləcə də COP31 ərazisini panoramik şəkildə izləməyə imkan verən müşahidə terrası kimi fəaliyyət göstərəcək", - deyə A.S.Kulaklıoğlu qeyd edib.
Onun sözlərinə görə, qüllənin altında genişmiqyaslı Startup Zone yaradılır. Burada 5-150 kvadratmetr arasında dəyişən müxtəlif ölçülü stendlər, təqdimat və şəbəkələşmə sahələri, həmçinin xüsusi səhnə olacaq.
"Startup Zone sahibkarlara layihələrini dünyaya təqdim etmək imkanı verəcək. Müraciətlərin böyük hissəsi dünyanın müxtəlif ölkələrindən daxil olub. Bu bölmədə sahibkarlarla investorların görüşməsi üçün şərait yaradılacaq", - deyə o bildirib.
A.S.Kulaklıoğlu COP31-də digər yeniliyin COP-Art layihəsi olacağını da bildirib.
"COP-Art-da məqsədimiz COP31-i yalnız müzakirələrlə məhdudlaşdırmamaq, ətraf mühit və iqlimlə bağlı mesajlarımızı incəsənətlə birləşdirməkdir. Beləliklə, COP31 yalnız müzakirə məkanı deyil, ətraf mühit şüurunun incəsənətlə qovuşduğu bir təcrübə mərkəzinə çevriləcək", - deyə o vurğulayıb.
O əlavə edib ki, müxtəlif mədəniyyət tədbirləri ilə yanaşı, COP-Art çərçivəsində dünyanın tanınmış rəssam və sənətçilərinin əsərlərinin COP31 ərazisində sərgilənməsi nəzərdə tutulur.
