İqlim dəyişikliyi ilə mübarizədə həll yolları mövcuddur, əsas vəzifə icranı sürətləndirməkdir - Daniele Violetti

Yaşıl iqtisadiyyat Xəbər 9 Sentyabr 2026 12:24 (UTC +04:00)
İqlim dəyişikliyi ilə mübarizədə həll yolları mövcuddur, əsas vəzifə icranı sürətləndirməkdir - Daniele Violetti
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqlim dəyişikliyi ilə mübarizədə həll yolları mövcuddur və hazırda əsas vəzifə onların icrasını sürətləndirmək, fəaliyyətə mane olan amilləri müəyyənləşdirmək və bu maneələrin aradan qaldırılması üçün praktiki yollar tapmaqdır.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Proqramların Əlaqələndirilməsi üzrə baş direktoru Daniele Violetti Bakıda IV İqlim Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, BMT-nin iqlim prosesi hazırda mühüm nəticələrin əldə olunduğu mərhələdədir.

“COP29 sədrliyi yeni Kollektiv Miqdarlaşdırılmış İqlim Maliyyəsi Hədəfini (NCQG) təqdim etdi və Paris Sazişinin 6-cı maddəsi çərçivəsində beynəlxalq karbon bazarları üçün qaydaları yekunlaşdırdı. Bu qərarlar inkişaf etməkdə olan ölkələr üçün yeni maliyyə axınları açmaqla yanaşı, onların emissiyaların azaldılması hədəflərinə daha səmərəli şəkildə çatmasına imkan yaradır”, - deyə D.Violetti qeyd edib.

UNFCCC rəsmisi Bakıda keçirilən İqlim Həftəsində yenidən bir araya gəlməyin mühüm əhəmiyyət daşıdığını vurğulayıb və Azərbaycanın qonaqpərvərliyinə təşəkkür edib.

“Azərbaycanın səmimi qonaqpərvərliyinə və dünyanı praktiki iqlim həlləri ətrafında toplamaq istiqamətində davamlı öhdəliyinə görə təşəkkür edirik”, - deyə o bildirib.

D.Violetti qeyd edib ki, İqlim Həftəsinin artıq orta nöqtəsinə çatılıb və müxtəlif müzakirələr, o cümlədən “Antalyaya gedən yol” üzrə sədrlik təlimatları davam edir.

Onun sözlərinə görə, iqlim danışıqları və qlobal iqlim fəaliyyəti gündəliyi bir-birindən ayrı, lakin paralel gedən proseslərdir.

“Onlar bir-birini tamamlayır: danışıqlar fəaliyyətə imkan verən beynəlxalq çərçivəni təmin edir, fəaliyyət gündəliyi isə praktiki və miqyaslana bilən həllər vasitəsilə bu qərarların icrasını gücləndirir. Məhz bu həftə həmin tamamlayıcılığın həyata keçdiyi yerdir”, - deyə D.Violetti vurğulayıb.

O bildirib ki, İqlim Həftəsi çərçivəsində keçirilən icra laboratoriyalarında kənd təsərrüfatı üçün iqlim maliyyəsinin cəlb edilməsi, ağır sənaye və tikinti sektorlarının karbonsuzlaşdırılması, eləcə də riskli layihələrin investisiya üçün daha cəlbedici və miqyaslana bilən hala gətirilməsi məsələləri müzakirə olunur.

“Bizim indi vəzifəmiz bu cür icra prosesini sürətləndirmək, fəaliyyətə mane olan səbəbləri müəyyən etmək və bu maneələri aradan qaldırmağın praktiki yollarını tapmaqdır”, - deyə o bildirib.

D.Violetti hökumətlərin bu prosesi təkbaşına həyata keçirə bilməyəcəyini qeyd edib.

“Biznes, maliyyə sektoru, şəhərlər və vətəndaş cəmiyyəti bu prosesin vacib tərəfdaşlarıdır”, - deyə UNFCCC rəsmisi vurğulayıb.

O bildirib ki, qlobal iqlim fəaliyyəti gündəliyinin əsas istiqamətləri üzrə müəyyən edilmiş hədəflər gələcək iqlim fəaliyyətinin əsasını təşkil edir.

“COP31-in gələcək Türkiyə sədrliyi, Avstraliyanın COP31 danışıqlar sədrliyi ilə sıx əməkdaşlıq edərək, hamını birləşdirəcək əsas hədəfləri müəyyənləşdirib”, - deyə D.Violetti bildirib.

Onun sözlərinə görə, həmin hədəflərə 2035-ci ilədək son enerji tələbatında elektrik enerjisinin payının 35 faizə çatdırılması, qlobal tullantıların artımının yarıbayarı azaldılması və tikinti sektorunun enerji intensivliyinin 25 faiz azaldılması daxildir.

D.Violetti qeyd edib ki, Bakı İqlim Həftəsi çərçivəsində elektrifikasiya, dövri iqtisadiyyat və iqlimə müsbət təsir göstərən binalar üzrə keçirilən sessiyalar bu istiqamətdə fəaliyyətin formalaşmasına kömək edir.

“Biz keçən dəfə İnçonda keçirilən İqlim Həftəsində bu əlaqənin nə dərəcədə nəticə verdiyini gördük. Real dünya həlləri indi hamımızın faydalanması üçün İqlim Həftəsinin veb-saytında yerləşdirilib”, - deyə o əlavə edib.

UNFCCC rəsmisi bildirib ki, Bakıda ortaya çıxan nəticələrlə yanaşı, bu təcrübələr icra prosesinin irəlilədiyini göstərir.

“Lakin hər birimizin bildiyi kimi, biz tempi artırmalı və iddiamızı genişləndirməliyik. Qarşıdakı günlərdə diqqətimizi konkret nəticələrə gətirib çıxaran əlaqələrə, investisiyaları səfərbər edən və tərəflərin NDC-lərini (Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr) və NAP-larını (Milli Adaptasiya Planları) gözlə görünən nəticələrə çevirən tərəfdaşlıqlara yönəldək”, - deyə D.Violetti çağırış edib.

O əlavə edib ki, bu dinamika Ficidən Tuvaludakı Pre-COP görüşlərinə və ikinci Qlobal Qiymətləndirmənin rəsmən başlayacağı Antalyadakı COP31-ə qədər davam etdirilməlidir.

“Prosesimizi real iqtisadiyyatla bağlayaq və Paris Sazişinin məqsədlərinə tam uyğunlaşdıraq”, - deyə D.Violetti vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti