Ölkədə bərpaolunan enerji və enerji səmərəliliyi üzrə mütəxəssis potensialının inkişafına dəstək

İqtisadiyyat Press-reliz 9 Sentyabr 2026 16:16 (UTC +04:00)
Ölkədə bərpaolunan enerji və enerji səmərəliliyi üzrə mütəxəssis potensialının inkişafına dəstək

Bakı. Trend:

bp öz Azəri-Çıraq-Günəşli və Şahdəniz layihələrindəki tərəfdaşları – “SOCAR”, “TPAO”, “LUKOIL”, “SGC”, “NICO”, “MOL”, “INPEX”, “ExxonMobil”, “MVM” və “ONGC Videsh” - adından Azərbaycanda bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində yerli mütəxəssislərin inkişafına dəstək məqsədli sosial sərmayə layihəsinin başlandığını məmnuniyyətlə elan edir.

Təşəbbüs bp və tərəfdaşlarının yerli bilik və bacarıqların gücləndirilməsinə və ölkədə uzunmüddətli potensialın inkişafına davamlı dəstəyinin bir hissəsidir.

Layihə bərpa olunan enerji və enerji səmərəliliyi üzrə yüksək peşəkar və tədris standartlarına uyğun müstəqil şəkildə təlim proqramları həyata keçirə biləcək yüksək ixtisaslı yerli təlimçilərin hazırlanması üçün nəzərdə tutulub.

Təşəbbüs çərçivəsində 20 nəfər yerli mütəxəssis “Təlimçinin Təlimi” proqramında iştirak etmək üçün seçilib. Proqram bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində təlimlər üzrə ixtisaslaşmış, beynəlxalq səviyyədə tanınan və Berlində yerləşən Bərpa Olunan Enerji Akademiyası tərəfindən keçiriləcək.

Proqram təxminən 50 saatlıq sərbəst rejimli onlayn təlimdən və bunun ardınca keçiriləcək səkkiz yarımgünlük virtual sessiyadan ibarət olacaq. Texniki bilikləri müasir tədris metodları ilə birləşdirən bu proqram iştirakçılara həm müvafiq ixtisas sahələri üzrə biliklərini, həm də təlimçilik bacarıqlarını daha da artırmağa imkan verəcək. İştirakçılar qabaqcıl beynəlxalq təcrübədən yararlanmaqla və təlim yanaşmalarını yerli ehtiyaclara uyğunlaşdırmaqla yanaşı, təlim kurslarını müstəqil və səmərəli şəkildə tərtib etməyi, həyata keçirməyi və qiymətləndirməyi öyrənəcəklər. Proqramı uğurla başa vuran iştirakçılara “Təlimçinin Təlimi” sertifikatları təqdim olunacaq.

Layihənin yerli mütəxəssislərə öz bilik və təcrübələrini bölüşmək imkanı yaratmaqla, bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində potensialın gücləndirilməsi üçün dayanıqlı zəmin formalaşdıracağı gözlənilir.

Layihənin başlanması münasibətilə bu gün keçirilən tədbirdə çıxış edən bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “Yerli potensialın gücləndirilməsi və bacarıqların inkişaf etdirilməsinə dəstək ölkədə sosial sərmayə fəaliyyətimizin prioritetlərindən biri olaraq qalmaqdadır. Azərbaycan öz enerji keçidi hədəflərinə doğru irəlilədikcə bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində biliklərin genişləndirilməsinə və ötürülməsinə töhfə verə biləcək ixtisaslı yerli mütəxəssislərə ehtiyac daha da artır. Bu layihədə məqsədimiz iştirakçıları qabaqcıl texniki və təlim bacarıqları ilə təchiz etməklə yanaşı, proqram başa çatdıqdan sonra belə dəyər yarada biləcək dayanıqlı yerli təlim potensialının formalaşmasına kömək etməkdir.”

Müddəti bir il olan bu layihənin dəyəri 83663 AZN (49000 ABŞ dolları) təşkil edir.

Layihə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi (CECECO) tərəfindən həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti