Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski Kral V Haraldın dəfn mərasimi və Norveç hökuməti ilə hava hücumundan müdafiə məsələləri ilə bağlı danışıqlar aparmaq üçün Norveçə gəlib.
Bu barədə o özü məlumat verib.
Norveç Baş naziri Yonas Qar Störenin ofisindən bildirilib ki, Zelenski Störe ilə “bu axşam” görüşəcək.
“Ukraynaya dəstəyin davam etdirilməsini müzakirə edəcəyik. Əsas məsələ hava hücumundan müdafiənin gücləndirilməsi və qışı keçirmək üçün digər mühüm sahələrdə yardım göstərilməsidir”, – Zelenski sosial şəbəkələrdə yazıb.
Ukrayna Prezidenti bildirib ki, həyat yoldaşı ilə birlikdə avqustun 28-də 89 yaşında vəfat edən və çərşənbə günü Osloda dəfn olunacaq V Haraldın vida mərasimində “Norveçə minnətdarlıqlarını ifadə edəcəklər”. Təhlükəsizlik səbəbilə Zelenskinin Störe ilə görüşündən sonra mətbuat üçün heç bir tədbir nəzərdə tutulmayıb.
Norveç Baş nazirinin ofisi vurğulayıb ki, “Ukraynanın hava hücumundan müdafiə sistemlərinə və hərbi dəstəyin digər formalarına kritik ehtiyacı var və ölkə çətin qışla üzləşməyə hazırlaşır”.
“Müzakirələr, xüsusilə Norveçin hərbi və mülki yardımının Ukraynanın mövcud ehtiyaclarına ən yaxşı şəkildə necə cavab verə biləcəyinə həsr olunacaq”, – deyə baş nazirin ofisindən əlavə edilib.