Bakı. Trend:
BMT Qarabağ və Şərqi Zəngəzurda layihələrini genişləndirməyi planlaşdırır.
Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmitri Şlapaçenko “2026 Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026)” çərçivəsində Trend-ə müsahibəsində deyib.
O bildirib ki, BMT Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa və yenidənqurma işlərinə dəstək verməyə hazırdır.
“İşə yeni başladığım üçün bu ərazilərə səfər etmək mənim üçün olduqca vacibdir. Çox şadam ki, bu cümə günü, yəni iki gün sonra Xarici İşlər Nazirliyi diplomatlar üçün həm Qarabağa, həm də Şərqi Zəngəzura səfər təşkil edir. Mənim üçün bu səfər ərazilərdəki inkişafı və mövcud çağırışları görmək, həmçinin BMT olaraq hökumətə bu ərazilərin bərpası və digər istiqamətlərdə səylərində necə dəstək ola biləcəyimizi müəyyənləşdirmək baxımından əhəmiyyətlidir”, - deyə D.Şlapaçenko bildirib.
Onun sözlərinə görə, BMT-nin əsas vəzifələrindən biri fəaliyyət göstərdiyi ölkələrin hökumətlərinə qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində dəstək olmaqdır.
“Azərbaycan hökumətinin prioritetinin və maliyyə, insan kapitalı, logistika və digər resurslar baxımından böyük investisiyalarının bu ərazilərin dirçəldilməsinə yönəldiyi aydındır. Buna görə də BMT Azərbaycan hökumətinin yanında olacaq və onunla əməkdaşlıq çərçivəsində bu ərazilərdə layihələrimizi genişləndirməyi planlaşdırırıq”, - deyə o vurğulayıb.
D.Şlapaçenko Qarabağ Universiteti ilə əməkdaşlığın da BMT üçün mühüm istiqamətlərdən biri olduğunu qeyd edib.
“BMT-də hesab edirik ki, gənclərlə işləmək bizim əsas vəzifələrimizdəndir. Qarabağ Universitetinin fəaliyyət göstərməsindən çox məmnunuq. Bu il Qarabağ Universitetində BMT Günü keçirməyi planlaşdırırıq. BMT-nin bütün agentliklərinin rəhbərləri oraya gələcək, tələbələrlə görüşəcək, yerli hökumətlə danışacaq və Dayanıqlı İnkişaf Məqsədləri üzrə əldə olunan irəliləyişi yerli perspektivdən müzakirə edəcəklər”, - deyə BMT rəsmisi bildirib.
O əlavə edib ki, bu təşəbbüs BMT üçün ərazilərin ehtiyaclarını daha yaxşı anlamaq və hansı istiqamətlərdə real dəstək göstərə biləcəyini müəyyənləşdirmək baxımından ilk addım olacaq.
“Əlbəttə, bu ərazilərlə bağlı hökumətin qərarlarını rəhbər tutacaq və hökumətlə əməkdaşlıq şəraitində fəaliyyət göstərəcəyik”, - deyə D.Şlapaçenko qeyd edib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Bakı İqlim Fəaliyyəti Həftəsinin də Azərbaycanın iqlim sahəsində liderliyinin göstəricisi olduğunu bildirib.
“Azərbaycan COP29-la inanılmaz liderlik nümayiş etdirdi. COP29-un keçirilməsi ilə bağlı qərar çox gec qəbul edilmişdi və Azərbaycan konsensus namizədi kimi ortaya çıxaraq yaranmış dalana dirənmiş vəziyyətdən çıxış yolu yaratdı. Bütün dünya və BMT belə liderlik nümayiş etdirdiyinə görə Azərbaycana minnətdardır”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın iqlim gündəliyinə verdiyi töhfə yalnız bəyanatlarla məhdudlaşmır.
“Azərbaycan öz maliyyəsi ilə qlobal iqlim gündəliyinin irəliləməsinə töhfə verir. Bakı İqlim Fəaliyyəti Həftəsi Azərbaycanın belə çətin bir vəzifəni necə həyata keçirə bildiyinin yaxşı nümunəsidir”, - deyə D.Şlapaçenko bildirib.
O qeyd edib ki, hazırda dünyada geosiyasi parçalanmalar, müharibələr və münaqişələr mövcuddur və belə bir şəraitdə iqlim məsələsi ölkələri birləşdirən mühüm istiqamətlərdən biridir.
“İqlim dəyişikliyinin sərhədləri yoxdur və hamıya təsir edir. Nəticə əldə etmək istəyiriksə, həmrəyliyə, etimada və əməkdaşlığa ehtiyacımız var. Buna görə də Azərbaycan hökumətinin iqlim sahəsində belə liderlik rolunu çox yüksək qiymətləndirirəm”, - deyə BMT rəsmisi əlavə edib.
