Xocalı. Trend:
Xocalıda fəaliyyət göstərən “Qarabağ Tekstil Evi” MMC-də işçilərin sayının 200 nəfərə çatdırılması planlaşdırılır.
Bunu “Qarabağ Tekstil Evi” MMC-nin təsisçisi Rizvan Məhəmmədov Trend-in Qarabağ bürosuna açıqlamasında bildirib.
Onun sözlərinə görə, “Qarabağ Tekstil Evi” 2024-cü ilin oktyabrında Xankəndi şəhərində yaradılıb və 2026-cı il mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə müəssisənin Xocalı filialının açılışı olub.
“Hazırda müəssisədə 105 nəfər çalışır. Məqsədimiz işçi sayını 200 nəfərə çatdırmaqdır. Burada ev tekstili məhsulları, o cümlədən yastıq, yorğan, döşək, yataq dəstləri və dəsmallar istehsal olunur. Ümumilikdə 200-ə yaxın çeşiddə məhsul istehsal edilir. İllik istehsal gücümüz 1 milyon ədədə çatır”, - deyə R.Məhəmmədov qeyd edib.
O bildirib ki, gələcəkdə geyim istehsalına da başlanılması planlaşdırılır:
“Geyim istehsalında 100 nəfərin çalışması nəzərdə tutulur. Qış və yaz geyimləri, eləcə də xüsusi geyimlərin istehsalı ilə məşğul olacağıq”.
Müəssisənin məhsullarının xarici bazarlara da ixrac edildiyini deyən R.Məhəmmədov qeyd edib ki, məhsulların əsas hissəsi daxili bazara yönəldilir.
“Məhsullarımız Gürcüstana və Moldovaya ixrac olunur. Bununla belə, istehsalımızın 75 faizi daxili bazar üçün nəzərdə tutulub. Daxili bazarın tələbatını ödəyirik, müştərilərimiz var və məhsullarımız satılır. Daha çox məhsul istehsal etmək imkanımız var”, - deyə o əlavə edib.
R.Məhəmmədovun sözlərinə görə, müəssisədə çalışanların böyük hissəsi Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə qayıdan vətəndaşlardır.
“İşçi heyətimiz Xocalı sakinləri, Xocalının kəndlərindən və Ağdam rayonunun kəndlərindən olan soydaşlarımızdan ibarətdir”, - deyə müəssisə rəhbəri bildirib.
