Bakı. Trend:
İndoneziyada əlaqənin kəsildiyi, beş jurnalist də daxil olmaqla səkkiz nəfəri daşıyan qayığın tapılması üçün axtarışlara başlanılıb. Qayıqdakı şəxslər Anak Krakatau vulkanının püskürməsini işıqlandırırdılar.
Bu barədə xilasetmə xidmətləri məlumat yayıb.
Xilasetmə və axtarış agentliyinin açıqlamasına görə, kater bazar ertəsi günortadan sonra paytaxt Cakartadan təxminən 120 kilometr qərbdə yerləşən Banten əyalətindəki limandan yola düşüb.
Sərnişinlər arasında yerli və beynəlxalq media qurumlarında çalışan beş indoneziyalı jurnalist, o cümlədən İndoneziyanın dövlət xəbər agentliyi Antara, Türkiyənin Anadolu agentliyi və yerli "İnews" xəbər saytının əməkdaşları olub. Jurnalistlər Anak Krakatau vulkanının püskürmələrini foto və video çəkilişlərlə qeydə almaq niyyətində olublar.
Jurnalistlərdən biri bazar ertəsi yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 12:00) həmkarı ilə əlaqə saxlayaraq olduğu yeri bildirib. Lakin bundan sonra ondan heç bir xəbər alınmayıb.
“İndiyədək onlar geri qayıtmayıblar və qayığın sahibi heyətdən heç bir məlumat almayıb”, – deyə axtarışlara cavabdeh qurum bildirib.
Axtarış əməliyyatına xilasedicilər, çay və hava polisi, eləcə də qayığın sahibi olan şirkətin əməkdaşları cəlb olunub.
Yerli xilasetmə agentliyinin rəhbəri Al Amrad açıqlamasında bildirib ki, qayığın göyərtəsində beş jurnalist, iki heyət üzvü və bir bələdçi olub.
Polis yüksək dalğalar və zəif görünüş səbəbindən axtarışların çətinləşdiyini qeyd edib.
Vulkanın püskürmələri səbəbindən hakimiyyət orqanları bazar günü bir neçə hava limanında hava nəqliyyatını iki gün müddətinə dayandırmağa məcbur olub.
Cənub-Şərqi Asiyada yerləşən və 17 min adadan ibarət geniş arxipelaq olan İndoneziyada dəniz qəzaları tez-tez baş verir. Buna səbəb, əsasən, təhlükəsizlik normalarına kifayət qədər ciddi əməl olunmaması və bəzən mürəkkəb hava şəraitidir.
