Bakı. Trend:
Son illərdə süni intellekt texnologiyalarının sürətli inkişafı onların təhsil prosesində istifadəsini də genişləndirib. Müxtəlif süni intellekt alətləri şagird və tələbələrə məlumat əldə etmək, mövzuları araşdırmaq və öyrənmə prosesini asanlaşdırmaq üçün yeni imkanlar yaratsa da, bu texnologiyalardan düzgün istifadə olunmaması müəyyən problemlərə səbəb ola bilər.
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Afət Həsənova deyib.
Deputat bildirib ki, xüsusilə orta və ali məktəblərdə şagird və tələbələrin verilən tapşırıqları müstəqil şəkildə yerinə yetirmək əvəzinə hazır cavab əldə etmək üçün süni intellektdən istifadə etməsi təhsil baxımından narahatlıq doğuran məsələlərdən birinə çevrilir:
“Hazırda orta məktəblərdə şagirdlərin süni intellektdən yanlış istifadəsi hallarına rast gəlinir. Bu problem yalnız orta məktəblərlə məhdudlaşmır, ali təhsil müəssisələrində də tələbələrin verilən tapşırıqları daha asan yolla yerinə yetirmək məqsədilə süni intellektə müraciət etməsi müşahidə olunur.
Süni intellekt əslində çox faydalı vasitədir və müasir dövrdə onun yaratdığı imkanlardan istifadə etmək lazımdır. Əsas məsələ bu texnologiyadan hansı məqsədlə və necə istifadə olunmasıdır. Şagird və tələbə hər bir tapşırığın hazır cavabını süni intellektdən əldə etməyə çalışırsa, artıq öz düşüncəsini və biliyini nümayiş etdirmək imkanını itirir”.
A.Həsənovanın fikrincə, süni intellekt təhsil prosesində şagird və tələbənin yerinə düşünən vasitəyə çevrilməməli, əksinə, onun bilik və bacarıqlarının inkişafına kömək etməlidir:
“Şagirdlər və tələbələr ilk növbədə, verilən tapşırıq üzərində özləri düşünməli, araşdırma aparmalı və öz fikirlərini ortaya qoymalıdırlar. Bundan sonra süni intellektdən köməkçi vasitə kimi istifadə edə, hazırladıqları cavabı yoxlaya, əlavə məlumat əldə edə və mövzunu daha dərindən öyrənə bilərlər. Məncə, düzgün yanaşma məhz bundan ibarət olmalıdır”.
O vurğulayıb ki, bütün tapşırıqların süni intellekt vasitəsilə
yerinə yetirilməsi uzunmüddətli perspektivdə şagird və tələbələrin
müstəqil düşünmə, təhlil aparma və problem həll etmə bacarıqlarının
inkişafına mənfi təsir göstərə bilər.
Deputat hesab edir ki, yeni texnologiyaların təhsil sisteminə daxil
olması qaçılmaz və eyni zamanda faydalı prosesdir:
“Buna görə də məqsəd şagirdləri süni intellektdən uzaqlaşdırmaq və ya onun istifadəsini tam məhdudlaşdırmaq deyil, gənclərə bu texnologiyadan düzgün və məsuliyyətli istifadə etməyi öyrətmək olmalıdır”
A.Həsənova bu məsələdə valideynlərin də üzərinə məsuliyyət düşdüyünü bildirib:
“Valideynlər övladlarının süni intellektdən necə istifadə etdiyinə diqqət yetirməlidirlər. Uşaq bu vasitədən yeni biliklər əldə etmək və özünü inkişaf etdirmək üçün istifadə edirsə, bu, müsbət haldır. Amma bütün ev tapşırıqlarını hazır şəkildə süni intellektə gördürmək təhsil prosesinin məqsədinə uyğun deyil. Valideynlər də övladlarına bu fərqi izah etməli və düzgün istifadəyə nəzarət etməlidirlər”.
Onun sözlərinə görə, süni intellektdən düzgün istifadə edildikdə bu texnologiya təhsil üçün mühüm köməkçi vasitəyə çevrilə bilər:
“Əsas məqsəd isə texnologiyanın şagird və tələbənin düşüncəsini əvəz etməsi deyil, onların öyrənmək, araşdırmaq və müstəqil düşünmək imkanlarını genişləndirməsi olmalıdır”.
