Macarıstan Elmlər Akademiyasının arxivində Azərbaycan klassiklərinə aid nadir əlyazmalar aşkarlanıb (FOTO)

Cəmiyyət Materials 7 Sentyabr 2026 18:38 (UTC +04:00)
Macarıstan Elmlər Akademiyasının arxivində Azərbaycan klassiklərinə aid nadir əlyazmalar aşkarlanıb (FOTO)
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstan Elmlər Akademiyasının Əlyazmalar və Əski Kitablar bölməsində Azərbaycan ədəbiyyatı və elm tarixinin görkəmli nümayəndələrinə aid qiymətli əlyazma nümunələri aşkarlanıb. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun Budapeştə səfəri zamanı apardığı araşdırmalar nəticəsində Akademiyanın Şərq Əlyazmaları bölməsində Nizami Gəncəvi, Xaqani Şirvani, Mahmud Şəbüstəri, Nəsirəddin Tusi, Sam Mirzə, Saib Təbrizi və digər Azərbaycan ədəbiyyatı və elm xadimlərinin yaradıcılığı ilə bağlı nadir mənbələr müəyyənləşdirilib.

Muzeydən bildirilib ki, araşdırma zamanı orta əsrlər kitab mədəniyyətinin diqqətəlayiq nümunələrindən biri olan əlyazma aşkarlanıb. Əlyazmada müxtəlif ədəbi nümunələrlə yanaşı, Səfəvilər dövrünün miniatür sənətinə aid bir sıra qiymətli əsərlər yer alır. Miniatürlərin Sultan Məhəmməd məktəbinə mənsub rəssamların yaradıcılığı ilə əlaqəli olduğu bildirilir.

Bundan başqa, ensiklopedik alim Nəsirəddin Tusinin indiyədək məlum mənbələr sırasında yer almayan risaləsinin XVIII əsrin əvvəllərində türkcəyə edilmiş tərcüməsi aşkarlanıb. Əlyazmada müxtəlif əsərlərlə yanaşı, Şirvan tarixinə dair salnamə, Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərinin türkcəyə iki tərcüməsi və digər qiymətli mətnlər də yer alır.

Akademik Rafael Hüseynov araşdırmalar zamanı müəyyənləşdirilən əlyazmaların elektron surətlərinin hazırlanmasına dəstək göstərən Macarıstan Elmlər Akademiyasının Şərq Əlyazmaları bölməsinin əməkdaşları Anna Stumpf və Yudit Yablonkaya təşəkkür edib.

Qeyd edək ki, 200 illik yubileyini qeyd edən Macarıstan Elmlər Akademiyasında Əlyazmalar və Əski Kitablar bölməsinin zəngin kolleksiyası əsrlər boyu Macarıstanın elmi, mədəni və intellektual tarixini əks etdirən çoxsaylı mənbələri özündə birləşdirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti