FAO Azərbaycanda bütün fermerlərin rəqəmsal alətlərə çıxışının təmin olunmasına çalışır (MÜSAHİBƏ)

İqtisadiyyat Materials 8 Sentyabr 2026 12:22 (UTC +04:00)
FAO Azərbaycanda bütün fermerlərin rəqəmsal alətlərə çıxışının təmin olunmasına çalışır (MÜSAHİBƏ)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda, xüsusilə kiçik fermerlərin süni intellekt və rəqəmsal kənd təsərrüfatı alətlərindən istifadəsini genişləndirməyə çalışır.

Bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Hayat “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW 2026) çərçivəsində Trend-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, süni intellekt və rəqəmsal alətlər kənd təsərrüfatının inkişafı və iqlim dəyişmələrinə uyğunlaşma baxımından mühüm əhəmiyyət daşıyır.

“Biz Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə, nazirin bu gün dəyirmi masa zamanı çıxışında da qeyd etdiyi Fermer Təsərrüfatlarının Davamlılığının Ölçülməsi Sistemi üzərində işləyirik. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq bölməsi ilə əməkdaşlıq edərək süni intellektin təsərrüfatlar səviyyəsində tətbiqinə çalışırıq”, - deyə Nasar Hayat bildirib.

FAO rəsmisi qeyd edib ki, hazırda fermerlər üçün mobil tətbiq və bir sıra digər rəqəmsal alətlər mövcuddur, lakin bu xidmətlərdən daha çox iri fermer təsərrüfatları yararlanır.

“Biz “Azərkosmos” və Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə bu xidmətlərin kiçik fermerlər üçün də əlçatan olmasına çalışırıq. Ümid edirik ki, çox yaxın gələcəkdə Azərbaycandakı bütün fermerlər bu rəqəmsal alətlərdən istifadə edə biləcəklər”, - o vurğulayıb.

Nasar Hayatın sözlərinə görə, söhbət yalnız rəqəmsal xidmətlərdən deyil, fermerlərin bazar, iqlim, hava şəraiti və digər mühüm məlumatlarla təmin edilməsindən gedir.

“Biz bu istiqamətdə çalışırıq və ümid edirik ki, yaxın gələcəkdə Azərbaycandakı kiçik fermerlər də bu alətlərə çıxış əldə edəcəklər”, - deyə o əlavə edib.

FAO: Azərbaycanda kənd təsərrüfatının inkişafı iqlim dəyişmələrinə uyğunlaşmadan mümkün deyil

FAO rəsmisi həmçinin Azərbaycanda kənd təsərrüfatının inkişafında iqlim dəyişmələrinə uyğunlaşmanın xüsusi əhəmiyyət daşıdığını bildirib.

“İqlim dəyişmələri müzakirə mövzusu olmayan, qaçılmaz bir reallıqdır. Azərbaycanda kənd təsərrüfatının inkişafına nəzər salsaq, görərik ki, Azərbaycan hökuməti qarşıdakı beş il ərzində 1,2 milyard dollar sərmayə qoymaqla bağlı böyük öhdəlik götürüb. Bu məqsədə iqlim dəyişmələrinə uyğunlaşma olmadan nail olmaq mümkün deyil”, - deyə Nasar Hayat qeyd edib.

Onun sözlərinə görə, bu istiqamətdə əsas diqqət yetirilən məsələlər torpaqların sağlamlığının qorunması, su qıtlığının aradan qaldırılması və torpaqların deqradasiyasının qarşısının alınmasıdır.

“Bizim üçün əsas istiqamətlər torpaq sağlamlığı, su qıtlığı, eləcə də qarşısını almalı və torpaqların vəziyyətini yaxşılaşdırmağa başlamalı olduğumuz torpaq deqradasiyasıdır”, - FAO rəsmisi deyib.

Nasar Hayat Azərbaycanın müxtəlif ərazilərində iqlim dəyişmələrinə uyğunlaşma və ətraf mühitin qorunması istiqamətində həyata keçirilən layihələrə də toxunub.

“Hazırda torpaqların deqradasiyasının neytrallığı ilə bağlı layihəmiz həyata keçirilir. Bu layihə əsasən Abşeron regionuna yönəlib”, - o bildirib.

FAO rəsmisi milli parkların və biomüxtəlifliyin qorunmasının da vacib olduğunu vurğulayıb.

“Biz həmçinin biomüxtəlifliyin məskəni olan milli parkların qorunması üzərində çalışırıq. Azərbaycanın biomüxtəlifliyini qlobal irs kimi qorumaq lazımdır. Eyni zamanda, bu ərazilərdə torpaqların sağlamlığının yaxşılaşdırılması və təsərrüfatçılıq təcrübələrinin təkmilləşdirilməsi istiqamətində iş aparırıq ki, daha çox zərər vurulmasın”, - deyə Nasar Hayat əlavə edib.

FAO: BCAW 2026 müxtəlif tərəfləri bir araya gətirir

Nasar Hayat “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin əhəmiyyətindən danışarkən tədbirin dövlət və özəl sektor, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti arasında dialoq üçün mühüm platforma olduğunu bildirib.

“Bu, bütün maraqlı tərəfləri – dövlət və özəl sektoru, beynəlxalq təşkilatları, eləcə də vətəndaş cəmiyyətini bir araya gətirən çox mühüm tədbirdir. Məqsəd onların birlikdə müzakirə aparması və iki tərəfli dialoq qurmasıdır”, - deyə o bildirib.

Onun sözlərinə görə, tədbirin əsas üstünlüklərindən biri müxtəlif tərəflərin yalnız öz təkliflərini təqdim etməsi deyil, həm də bir-birini dinləməsidir.

“Bu, hökumətin və ya beynəlxalq təşkilatların insanlara sadəcə tövsiyələr verməsi demək deyil. Onlar insanları dinləyir və hər kəs üçün məqbul, eyni zamanda praktikada işləyəcək həllər hazırlayırlar”, - Nasar Hayat vurğulayıb.

FAO rəsmisi bildirib ki, BCAW-ın artıq üçüncü ildir Azərbaycanda keçirilməsi tədbirin əhəmiyyətini artırır.

“Bu tədbirin nəticəsi ondan ibarətdir ki, biz hamımız bir araya gəlirik, öhdəliklərimizi müəyyənləşdirir, artıq mövcud olan həlləri və gələcəkdə reallaşdırmaq istədiyimiz baxışı paylaşırıq”, - deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti