İqlim dəyişiklikləri qlobal kənd təsərrüfatının məhsuldarlıq artımını 21 faiz azaldıb - Muxtar Babayev

Yaşıl iqtisadiyyat Materials 8 Sentyabr 2026 10:23 (UTC +04:00)
İqlim dəyişiklikləri qlobal kənd təsərrüfatının məhsuldarlıq artımını 21 faiz azaldıb - Muxtar Babayev
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İqlim dəyişiklikləri 1961-ci ildən etibarən qlobal kənd təsərrüfatında məhsuldarlıq artımını təxminən 21 faiz azaldıb.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu COP29-un prezidenti, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Harmoniya fəaliyyətdə: İqlimədavamlı kənd təsərrüfatı naminə tərəfdaşlıq” mövzusunda yüksək səviyyəli dəyirmi masada deyib.

Onun sözlərinə görə, dünyada kənd təsərrüfatı getdikcə daha çox ekstremal istilər, quraqlıq, daşqınlar, yağıntı rejiminin dəyişməsi və artan su çatışmazlığının təsirinə məruz qalır.

“Bu, təxminən yeddi illik məhsuldarlıq artımını itirməyə bərabərdir”, — deyə M.Babayev bildirib.

O qeyd edib ki, bu təzyiqlər ərzaq sistemlərinin onsuz da ciddi problemlərlə üzləşdiyi bir dövrə təsadüf edir. 2024-cü ildə dünyada təxminən 673 milyon insan aclıqla üzləşib, 2,3 milyard nəfər isə orta və ya ağır ərzaq təhlükəsizliyi problemi yaşayıb.

M.Babayev vurğulayıb ki, münaqişələr, iqtisadi böhranlar, yoxsulluq və təchizat zəncirindəki problemlərlə yanaşı, iqlim dəyişiklikləri də getdikcə daha çox riskləri artıran amilə çevrilir.

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi bildirib ki, iqlim dəyişikliklərinin təsirləri Azərbaycanda da müşahidə olunur.

“2025-ci ildə qeydə alınmış ən uzun istilik dalğası Şəkidə 14 gün, Bakıda isə yeddi gün davam edib”, — deyə o bildirib.

Onun sözlərinə görə, dəyişən iqlim şəraiti qəfil daşqınların sayında da özünü göstərir. 2015-ci ildə Azərbaycanda 15 belə hadisə qeydə alındığı halda, bu rəqəm 2020-ci ildə 36-ya, 2025-ci ildə isə 33-ə çatıb.

“Bu rəqəmlər göstərir ki, biz artıq sadəcə iqlim dəyişikliklərini müşahidə etmirik. Biz onu yaşayırıq”, — deyə M.Babayev vurğulayıb.

O bildirib ki, kənd təsərrüfatı üçün əsas problemlərdən biri iqlim şəraitinin əvvəlcədən proqnozlaşdırılmasının çətinləşməsidir. Bu, əkin vaxtına, suyun mövcudluğuna, hansı bitkilərin yetişdirilə biləcəyinə, həmçinin fermerlərin planlaşdırma və investisiya imkanlarına təsir göstərir.

M.Babayev qeyd edib ki, su bu çağırışların mərkəzində dayanır.

“Bu gün kənd təsərrüfatı üçün yalnız kifayət qədər suyun olması deyil, həmin suyun ehtiyac duyulan vaxtda mövcudluğu getdikcə daha böyük əhəmiyyət daşıyır”, — deyə o bildirib.

Onun sözlərinə görə, regionda su sistemləri sərhədləri aşaraq ölkələri bir-birinə bağladığı üçün su dayanıqlılığının yaradılması regional əməkdaşlığı da tələb edir.

M.Babayev həmçinin kənd təsərrüfatının yalnız iqlim dəyişikliklərindən təsirlənmədiyini, özü də iqlimə təsir etdiyini diqqətə çatdırıb.

O bildirib ki, torpaq və suyun, heyvandarlığın, gübrələrin və kənd təsərrüfatı tullantılarının idarə olunması emissiyalara, biomüxtəlifliyə və ekosistemlərin dayanıqlılığına təsir göstərir.

“Bizim məqsədimiz yalnız kənd təsərrüfatı istehsalını iqlimdən qorumaq ola bilməz. Kənd təsərrüfatının özünü də daha dayanıqlı, resurslardan daha səmərəli istifadə edən və getdikcə iqlim həllərinin bir hissəsinə çevrilən sahəyə çevirməliyik”, — deyə M.Babayev qeyd edib.

Prezidentin nümayəndəsi bildirib ki, fermerlər üçün iqlimə dayanıqlılıq çox praktiki məsələlər deməkdir.

“Dayanıqlılıq quraqlıq və ya ekstremal hava hadisəsi yaxınlaşarkən daha yaxşı məlumat və erkən xəbərdarlıq sistemləri, suya çıxış, məhsuldar torpaqlar, uyğun texnologiyalar və uyğunlaşmaya investisiya qoymaq üçün maliyyə imkanları deməkdir. Uyğunlaşma siyasət sənədi olaraq qalmamalıdır. O, fermer təsərrüfatına çatmalıdır”, — deyə o vurğulayıb.

M.Babayev xatırladıb ki, bu yanaşma COP29 çərçivəsində Azərbaycan, FAO və Kənd Təsərrüfatı Nazirliyinin birgə başlatdığı “Bakı Harmoniya – Fermerlər üçün İqlim Təşəbbüsü”nün əsasını təşkil edib.

O bildirib ki, beynəlxalq iqlim əməkdaşlığının nəticəsi son nəticədə fermerlərin daha yüksək dayanıqlılığına və daha yaxşı şəraitə çevrilməlidir.

M.Babayev kənd təsərrüfatı sektorunun modernləşdirilməsi və uzunmüddətli dayanıqlılığının gücləndirilməsi istiqamətində görülən işlərə görə kənd təsərrüfatı naziri Məcnun Məmmədova və nazirliyin komandasına təşəkkür edib.

“İqlim baxımından bir məqam aydındır: kənd təsərrüfatı siyasəti və iqlim siyasəti artıq ayrı-ayrılıqda hazırlana bilməz”, — deyə o əlavə edib.

M.Babayev qeyd edib ki, kənd təsərrüfatının gələcək inkişafında iqlim dayanıqlılığı əlavə tələb deyil, sektorun uzunmüddətli uğurunun şərti kimi nəzərdən keçirilməlidir.

Onun sözlərinə görə, bu istiqamətdə hökumətlər, beynəlxalq tərəfdaşlar, maliyyə institutları, özəl sektor və fermerlərin birgə fəaliyyəti vacibdir.

Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) ikinci günü keçirilir.

İkinci gündə əsas diqqət dayanıqlı şəhərlər, nəqliyyat, su ehtiyatları və kənd təsərrüfatı məsələlərinə yönəldilib.

Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.

Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.

Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti