Bakı. Trend:
Azərbaycanda ilk dəfə hidroakkumulyasiya elektrik stansiyalarının ("pumped hydro storage") yaradılması nəzərdə tutulur.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) müasir bərpaolunan enerji laboratoriyasının açılışında çıxışı zamanı deyib.
O əvvəlcə bildirib ki, Azərbaycanda enerji saxlanc sistemlərinin tətbiqi ilə bağlı konseptual yanaşma sentyabrın sonunadək təqdim edilə bilər. Daha sonra qeyd edib ki, Azərbaycanda bərpaolunan enerji mənbələrinin enerji sisteminə qoşulması və enerji saxlanc sistemlərinin tətbiqi ilə bağlı hazırda tənzimləyici çərçivə üzərində iş aparılır.
“Hazırda tənzimləmə üzərində işləyirik. Bir neçə əsas "qırmızı xətt" və çərçivə müəyyənləşdirilib. Bu məsələlərin həlli istiqamətində Çinin qabaqcıl tədqiqat institutlarından biri bizim şəbəkəni öyrənir. Onlar bərpaolunan enerji üzrə apardıqları təhlilin ilkin nəticələrini bizimlə bölüşəcəklər”.
C.Abdullayev qeyd edib ki, Azərbaycanda hazırda hər birinin gücü 125 MVt olan iki enerji saxlanc sistemi mövcuddur.
“Hazırda litium batareyalar əsasında iki enerji saxlanc sistemimiz var və hər birinin gücü 125 MVt-dır. Ümumilikdə bu, 250 MVt güc deməkdir”.
Onun sözlərinə görə, aparılan təhlillər nəticəsində ölkədə hansı həcmdə yeni generasiya güclərinin yaradılmasının məqsədəuyğun olduğu və bunun nə qədər hissəsinin batareya saxlanc sistemləri ilə dəstəklənməli olduğu müəyyən ediləcək.
“Təhlildən sonra artıq başa düşəcəyik ki, hansı həcmdə güc qoyuluşu həyata keçirilərsə, onun təxminən neçə faizi batareyaların dəstəyi ilə təmin edilməlidir. Bu, məsələyə yanaşmanın bir tərəfidir”.
Agentlik direktoru vurğulayıb ki, enerji sisteminə limitsiz həcmdə bərpaolunan enerji güclərinin qoşulması mümkün deyil və bu məsələdə diqqətli yanaşma tələb olunur.
“Sonsuz sayda bərpaolunan enerji gücünün şəbəkəyə qoşulması mümkün deyil. Qonşu ölkələrin təcrübəsində də gördük ki, bu məsələyə çox diqqətli yanaşmaq böyük əhəmiyyət daşıyır”.
C.Abdullayev enerji saxlancının müxtəlif üsullarından istifadə ediləcəyini bildirib.
“Bunun qarşılanmasının bir neçə üsulu var. Biri, əlbəttə ki, batareya saxlanc sistemlərindən istifadədir. Bunun da müxtəlif növləri var. Artıq litium batareyalardan əlavə, digər texnologiyalara da baxırıq”.
O əlavə edib ki, Energetika Nazirliyində enerji saxlanc texnologiyalarından biri ilə bağlı təqdimat keçirilib və bu istiqamətdə işlər davam etdirilir.
C.Abdullayev Azərbaycanda ilk dəfə hidroakkumulyasiya elektrik stansiyalarının ("pumped hydro storage") yaradılmasının da nəzərdə tutulduğunu diqqətə çatdırıb.
“Bununla yanaşı, Azərbaycanda ilk dəfə olaraq hidroakkumulyasiya sistemlərini də nəzərdə tuturuq. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycanın su ehtiyatlarının təxminən 25 faizi formalaşır. Təbii ki, bu potensialın əsaslandırılmış şəkildə istifadəsi müəyyən imkanlar yarada bilər”.
O bildirib ki, enerji saxlanc sistemləri ilə bağlı aparılan işlər kompleks təhlilə əsaslanır.
“Bu, bütün məsələləri özündə ehtiva edən kompleks təhlildir. Burada batareya saxlanc sistemlərinin növü, onların enerji sistemində hansı faiz nisbətində quraşdırılması, coğrafi paylanması və məkan analizi kimi məsələlər nəzərdən keçirilir”.
Agentlik direktoru Azərbaycanın enerji tələbatının artımı məsələsinə də toxunub.
“Enerji sistemində tələbatın artımı çox ciddi məsələdir. Bunun başa düşülməsi üçün standart ekstrapolyasiya üsulları artıq işləmir. Çünki süni intellekt və digər amillər enerji tələbatına təsir göstərir”.
O qeyd edib ki, hazırda Azərbaycanda artan enerji tələbatını qarşılamaq üçün kifayət qədər istehsal gücü mövcuddur.
“Hazırda Azərbaycanın yetərincə enerji istehsal gücləri var və yaxın zamanda artan tələbatı qarşılamaq üçün hər hansı fövqəladə addımların atılmasına ehtiyac yoxdur”.
C.Abdullayev əlavə edib ki, enerji saxlanc sistemlərinin texnologiyaları, onların sistemdə payı və coğrafi yerləşdirilməsi ilə bağlı məsələlər hazırda intensiv şəkildə araşdırılır.
“Ümid edirəm ki, sentyabrın sonlarına yaxın bununla bağlı ümumi konseptual yanaşmanı təqdim edə biləcəyik”.
